“AzMeCo” “SberBank”la 1,5 mlrd. dollarlıq müqavilə imzalayıb

“AzMeCo” “SberBank”la 1,5 mlrd. dollarlıq müqavilə imzalayıb
# 26 may 2014 13:25 (UTC +04:00)

Bakı – APA-Economics. XVIII Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Azərbaycan Metanol Şirkəti” QSC (AzMeCo) və Rusiyanın “SberBank”ı (Rusiya Əmanət Bankı) əməkdaşlığın prioritet istiqamətlərini və tərəflərin qarşılıqlı fəaliyyətini müəyyən edən memorandum imzalayıb.

APA-Economics”in məlumatına görə, “SberBank” tərəfindən sənədi İdarə Heyətinin sədrinin müavini Sergey Qorkov, “AzMeCo” tərəfindən isə Direktorlar Şurasının sədri Nizami Piriyev imzalayıb.

Memoranduma əsasən, “SberBank” “AzMeCo”nun bir sıra layihələrinin maliyyələşdirilməsinə ümumilikdə 1,5 mlrd. ABŞ dollar həcmində vəsait yönəldəcək. Bu maliyyə vəsaiti hesabına Bakının Qaradağ rayonunda metanol zavodunun 450 mln. dollar məbləğində yenidən maliyyələşdirilməsi, Moskvada kommersiya ticarət sahələrinin, eləcə də, Rusiyanın cənub-qərbində metanol zavodunun tikintisinin uzunmüddətli layihə maliyyələşdirilməsi mümkün olacaq.

Əməkdaşlıq haqqında memorandum 5 il üçün nəzərdə tutulsa da, gələcəkdə bu müddət uzadıla bilər. Konkret layihələr isə ayrı-ayrı müqavilələrlə tənzimlənəcək. Bu memorandum “AzMeCo”nun digər banklarla əməkdaşlıq etməsinə məhdudiyyət qoymur.

“AzMeCo Group”un icraçı direktoru Nəsib Piriyev deyib ki, bu sazişlə “AzMeCo” “Sberbank”ın Azərbaycanda maliyyələşdirəcəyi ilk özəl şirkət olacaq. N. Piriyev bu presedentin gələcəkdə Azərbaycanda özəl biznes ilə beynəlxalq bankların əməkdaşlığını asanlaşdıracağına inandığını söyləyib.

S. Qorkov isə öz növbəsində qeyd edib ki, “Azərbaycan Türkiyə iqtisadiyyatında ən iri xarici sərmayədarlardan biridir. O əlavə edib ki, məhz bu səbəbdən Azərbaycan bazarı “Sberbank” Qrupu üçün maraq doğurur. “Bizim üçün “AzMeCo” ilə tərəfdaşlıq Azərbaycanda yerli özəl şirkət ilə ilk əməkdaşlıq nümunəsi və sözügedən regionda müştəri bazamızı əhəmiyyətli dərəcədə genişləndirmək imkanıdır”, - deyə S.Qorkov vurğulayıb.

Qeyd edək ki, “AzMeCo” neft-qaz və neft-kimya aktivlərini, habelə Azərbaycan, Rusiya, Ukrayna, Niderland, Özbəkistan, Əfqanıstan və Türkiyədə bir sıra pərakəndə satış bizneslərini birləşdirən “PNN” şirkətlər qrupuna daxildir. “AzMeCo” şirkəti Azərbaycanda bütün beynəlxalq standartlara uyğun olaraq sertifikatlaşdırılmış yeganə metanol zavodunun mülkiyyətçisidir. Şirkət zavodun inşasına təqribən 500 mln. dollar sərmayə yatırıb. “AzMeCo” şirkətinə təbii qaz Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təchiz ediir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR