BDU-da “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimatı keçirilib - FOTO

BDU-da “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 07 noyabr 2013 11:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Konstitusiya Məhkəməsinin sədri, professor Fərhad Abdullayevin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov qeyd edib ki, Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxuculara təqdim olunan bu kitab hüquqşünasların öz peşə fəaliyyətini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin edilməsi məqsədini daşıyır. Rektorun sözlərinə görə, kitabda həm elmi-nəzəri məsələlərə dair məlumatlar verilib, həm də mövcud hüquq qaydalarının tətbiqini özündə əks etdirən Konstitusiya Məhkəməsinin qərarlarında öz əksini tapmış hüquqi mövqelər sistemləşdirilərək təqdim edilib. Kitabın hüquq tətbiqedici orqanlar üçün əhəmiyyəti nəzərə alınaraq nəşrdə mülki, cinayət və inzibati-prosessual qanunvericiliyə dair hüquqi mövqelər ayrıca başlıq altında verilib. Qeyd olunub ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabı hakimlər, prokurorlar, vəkillər və bütün hüquq ictimaiyyəti üçün faydalı olmaqla, tədqiqatçılar və hüquq sahəsində təhsil alan tələbələr üçün də maraqlı olacaq.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, bu kitabda kifayət qədər zəngin təcrübi məsələlərlə yanaşı, nəzəri məsələlər də öz əksini tapıb. Onun sözlərinə görə, kitabın həm nəzəri, həm də təcrübi baxımından hüquq fakültəsinin tələbləri üçün çox böyük önəmi var.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev da çıxış edərək iştirakçılara öz təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR