AAC-ın müasir caz tədbirində 200-dən artıq liberal demokrat iştirak edib

AAC-ın müasir caz tədbirində 200-dən artıq liberal demokrat iştirak edib
# 16 sentyabr 2013 14:08 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 15-də azərbaycanlı skripkaçı Sabina Rakçeyevanın və Deko Ansamblının ifasında canlı musiqi Qlazqoda builki partiya konfransında iştirak edən 200-dən artıq liberal demokratı heyrətləndirib.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, Sabina Nyu Yorkdakı Culliard Məktəbinin (Juilliard School) ilk Azərbaycanlı məzunu, AAC-ın incəsənət və mədəniyyət üzrə müşaviridir. İstedadlı musiqiçilər qarışıq musiqilər, tanqo və öz əsərlərini ifa ediblər.

Liberal Demokratların sədrinin müavini Saymon Hyuz (Simon Hughes), parlamentarlar Con Liç (Johm Leech), Con Pyu (John Pugh) və Lord Nyubayın (Lord Newby) iştirakı ilə keçirilən AAC tərəfindən təşkil olunan tədbir Azərbaycan və Böyük Britaniya arasında davam edən sıx münasibətlərə diqqəti artırmaq məqsədilə keçirilib.

Lord German çıxışında bildirib ki, musiqi 21 il bundan əvvəl müstəqilliyini əldə etmiş Azərbaycanın mədəni kimliyinin əsası olaraq qalır: “Onun Qərb cazı və klassik musiqinin təsirlərini özündə birləşdirən zəngin və rəngarəng musiqi irsi həm də ölkənin Avropa ölkələri ailəsinə davam edən inteqrasiyasının göstəricisidir. Mən özüm bir çox musiqi janrları ilə maraqlanıram. Sabina Rakçeyeva və Deko ansamblının çıxışları, xüsusilə onların argentinalı bəstəkar Astor Piatsollanın əsərlərini Azərbaycan üslubunda interpretasiya etməsi məni heyran etdi”.

AAC-ın direktoru Lionel Zetter isə bugünkü tədbirdə liberal demokratları salamlamaqdan qürur duyduğunu söyləyib: “Azərbaycan musiqisi canlılığı ilə tanınır. Bugünkü tədbirin Şotlandiyada keçirilməsi məqsədəuyğundur, çünki Aberdin Avropanın enerji paytaxtıdır, BP-nin Şimal Dəniz tədqiqatı və istehsalı müəssisələrinin baş ofisi burada yerləşir, BP həmçinin Azərbaycanın enerji tədqiqatında aparıcı xarici investordur. Son 20 ildə Şotlandiyada yüzlərlə azərbaycanlı, Azərbaycanda isə şotlandiyalılar məskunlaşıb. Bu cür tədbirlər Azərbaycanla Şotlandiya və bütün Qərbi Avropa arasında sıx əlaqələrin artdığını nümayiş etdirməyə xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR