“Amrahbank”ın 10 mərtəbəli yeni inzibati binasının təməli qoyulub

“Amrahbank”ın 10 mərtəbəli yeni inzibati binasının təməli qoyulub
# 05 sentyabr 2013 15:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakının Xətai rayonu, Xocalı prospekti 36A ünvanında “Amrahbank” ASC-nin inşası nəzərdə tutulan yeni binasının özülü qazılıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Amrahbank”ın inşası nəzərdə tutulan 10 mərtəbəli yeni binası 10 min kvadrat metr sahəni əhatə edəcək. Binada geniş spektrli bütün növ müştəri xidmətlərinin göstərilməsi nəzərdə tutulan zal, bankın idarəetmə aparatı, çoxlu sayda iş otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zallar, kitabxana, idman zalı, istirahət otaqları, yeməkxana, mətbəx və s. yerləşəcək. Bankın 10 mərtəbəli yeni binası öz müasirliyi ilə də seçiləcək.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Amrahbank” ASC həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır. Hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionları da əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR