Paşa İlisuyskiy: “Mənim üçün xidmət etdiyim Ukrayna ilə yanaşı, Azərbaycanın maraqları da əsas şərt olacaq”

Paşa İlisuyskiy: “Mənim üçün xidmət etdiyim Ukrayna ilə yanaşı, Azərbaycanın maraqları da əsas şərt olacaq”
# 12 iyun 2014 08:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Mənim Ukraynanın xarici siyasətində vəzifəyə gətirilməyim bu ölkənin Azərbaycan diplomatiyasına verdiyi qiymətdir. Çünki mən Azərbaycan Xarici İşlər Nazirliyinin yetirməsiyəm”. Bu sözləri APA-ya açıqlamasında bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyinin Radasına təyinat alan Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa İlisuyskiy (Məmmədov) deyib.

Ondan başqa daha iki azərbaycanlının da Ukraynada mühüm post tutmasını xatırladan P. Məmmədov qeyd edib ki, Ukraynada milli azadlıq hərəkatı qalib gəldikdən ölkədə yeni siyasi sistemin formalaşdırılması başlayıb ki, burada azərbaycanlıların yer alması ciddi proseslərin əsasını qoyub: “Azərbaycanlıların Ukraynada ölkənin milli maraqları çərçivəsindən çıxış etməsi soydaşlarımızın bu ölkədə mövqeyini daha da möhkəmləndirdi. Eyni zamanda Ukrayna ilə Rusiya arasında baş verən siyasi anlaşılmazlıqda Azərbaycan dövlətinin yürütdüyü incə siyasət, beynəlxalq proseslərdə Ukraynanın maraqlarını müdafiə etməsi də uğurların gerçəkləşməsinə təkan verdi. Burada Azərbaycan və azərbaycanlılara qarşı diqqət birə on artıb. Bu səbəblə buradakı azərbaycanlılar Azərbaycan dövlətinə, şəxsən prezident İlham Əliyevə öz təşəkkürünü bildirir”.

P. Məmmədovun sözlərinə görə, Ali Radaya gözlənilən növbədənkənar seçkilərdə azərbaycanlıların seçilmə şansı xeyli artıb: “Buradakı azərbaycanlılar artıq öz namizədlərini müəyyənləşdiriblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev digər xalqlar arasındakı nüfuzunu da nəzərə alsaq, Ali Radaya ən şanslı namizəddir. Amma gözlənilən odur ki, Ukrayna parlamentində bir azərbaycanlı yox, daha çox nümayəndə təmsil olunsun”.

P. Məmmədov bildirib ki, onun vəzifəsi Ukraynanın xarici ölkələrdə təyinat alan səfir və diplomatik nümayəndələri ilə bağlıdır: “Ukrayna azərbaycanlıları bəlkə də bu ölkədə yeganə etnik qrupdur ki, bu ölkənin siyasi kursunu yaxından bilirlər. Çünki bir çox tanınmış azərbaycanlı diplomatların çoxu Ukraynada təhsil alıb. Bunlar arasında bizim xarici işlər naziri cənab Elmar Məmmədyarovu və daha bir neçə şəxsi misal göstərmək olar”.

Azərbaycanlı diplomat onu da əlavə edib ki, Ukrayna xarici siyasətində tutduğu post Azərbaycanın maraqları üçün də müsbət nəticə verəcək: “Çünki mən istər Azərbaycan XİN-də, istər Azərbaycanın Dubaydakı diplomatik nümayəndəsi işlədiyim dövrdə olduğu kimi, bu vəzifədə də Azərbaycanın maraqlarının əsas prinsiplərdən biri kimi götürəcəyəm. Mənim üçün xidmət etdiyim Ukrayna ilə yanaşı, Azərbaycanın maraqları da əsas şərt olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR