Azərbaycanla FAO arasında iki yeni sənəd imzalanıb - FOTO

Azərbaycanla FAO arasında iki yeni sənəd imzalanıb - <span style="color: red;">FOTO
# 10 sentyabr 2013 14:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinaser ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan hökuməti ilə (FAO) arasında “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə toxumçuluq sahəsinin inkişafı” və “Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi istiqamətində” layihələrinin imzalanması olub.

Nazir İsmət Abasov bildirib ki, hazırda FAO tərəfindən 4 milli layihə və 8 regional layihə həyata keçirilir və yeni imzalanacaq iki layihə də regionda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Bu layihələrin region üçün öz müsbət nəticəsini verəcəyini bildirən nazir İsmət Abasov Azərbaycan hökuməti ilə FAO arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin bundan sonra da daha da inkişaf edəcəyini vurğulayıb.

İ.Abasov “Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi” layihəsinin həyata keçirilməsində regional əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihənin həyata keçirilməsinə digər region ölkələrinin, o cümlədən qonşu sərhədyanı ölkələrin cəlb edilməsi də məqsədə uyğundur. Bu sahədə o, əsas problemin zərərvericilərə qarşı nəzarətin olmaması səbəbindən ölkəyə əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrindən keçdiyini qeyd edib və bu baxımdan FAO tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin görülməsi üçün müraciət edib.

FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinaser ötən il Azərbaycanda keçirilmiş FAO-nun Avropa üzrə 28-ci regional konfransına toxunaraq, tədbirin yüksək səviyyədə keçirildiyini və bunun bir model kimi digər ölkələrdə tətbiq edilməsini məqsədəuyğun hesab edib. M.Sinaser bundan sonra da FAO tərəfindən Azərbaycanda yeni layihələrin həyata keçirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

Sonda layihələrin imzalanması mərasimi keçirilib. Layihəni Azərbaycan hökuməti tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasov və FAO tərəfindən təşkilatın Mərkəzi Asiya üzrə Subregional Koordinatoru və Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinaser imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR