Ombudsman: “Bütün dünya ölkələri Azərbaycanda insan hüquqlarının qorunması sahəsində yüksək inkişafın olduğunu deyir”

Ombudsman: “Bütün dünya ölkələri Azərbaycanda insan hüquqlarının qorunması sahəsində yüksək inkişafın olduğunu deyir”
# 18 iyun 2014 11:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Dünyanın hər bir ölkəsində olduğu kimi Azərbaycanda da insan haqlarının pozulması ilə bağlı ayrı-ayrı faktlar mövcuddur. Amma bu, kütləvi hal daşımır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib. Ombudsman gənc fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib ki, bu kimi hallar bütün ölkələrdə baş verən hadisələrdir: “Heç kim bunu inkar etmir. Elə bir ölkə yoxdur ki, onun məhbusu olmasın. Odur ki, bu kimi hallar hər yerdə mövcuddur. Bu gün bütün dünya ölkələri Azərbaycanda insan hüquqlarının qorunması sahəsində yüksək inkişafın olduğunu deyir”.

E. Süleymanova qeyd edib ki, Azərbaycanda insan haqlarının qorunması istiqamətində ciddi işlər görülüb və nəticələr mövcuddur. O qeyd edib ki, Ombudsman Aparatının fəaliyyət müddətində dövlət qurumlarına 961 təklif göndərilib və onlardan da 60%-i reallaşıb: “Dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur. Bir məsələni qeyd edim ki, Ombudsmanların 12-ci konfransının işində iştirak edən nümayəndələrin bir çoxu iyunun 17-də Azərbaycanın cəzaçəkmə müəssisələrində olub. Onlar orada məhbuslarla təkbətək görüşüb və onların saxlanma şəraiti ilə tanış olublar. Bu bir daha Azərbaycanda insan hüquqlarının qorunmasına göstərilən diqqətin nəticəsidir. Bu zamanın tələbidir və Azərbaycan buna yüksək səviyyədə cavab verməyi bacarıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR