Gürcüstanda İslam dininin inkişafı üçün maliyyə ayrılacaq

Gürcüstanda İslam dininin inkişafı üçün maliyyə ayrılacaq
# 22 yanvar 2014 08:08 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda İslam dininin inkişafı üçün yaxın günlərdə maliyyə dəstəyi ayrılacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Gürcüstan müsəlmanlarının yeni seçilən şeyxi Ramin İgidov ilə görüşündə bildirib.

Gürcüstan baş nazirinin milli məsələlər üzrə məsləhətçisi Savalan Mirzəyevin APA-ya verdiyi məlumata görə, dövlət naziri Paata Zakareişvili gənc şeyx Ramin İgidovu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri seçilməsi münasibətlə təbrik edib və ona uğurlar arzulayıb: “Nazir bildirib ki, Gürcüstan hökuməti müsəlman dininin inkişafı üçün yaxın günlərdə müəyyən maliyyə dəstəyi ayıracaq və bu işə Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) rəhbərlik edəcək. Hazırda maliyyə dəstəyinin hansı istiqamətdə xərclənəcəyi müəyyənləşdirilir”.

Tədbirdə Gürcüstan dövlətinin adından çıxış edən Paata Zakareişvili şəxsən GMİ və onun rəhbəri ilə əməkdaşlıq edəcəyini bildirib: “Bu hələ başlanğıcdır. Bizim Gürcüstanda yaşayan müsəlmanların dini hüquqlarının qorunması ilə bağlı həyata keçirəcəyimiz planlar var”.

GMİ-nin rəhbəri R.İgidov müsəlman dininə qayğıya görə dövlət nazirinə minnətdarlıq edib, Gürcüstanda məscid və müsəlmanların fəaliyyətində illərdir problemlər olduğunu və onların həllinin vacibliyini vurğulayıb.

Dövlət naziri Paata Zakareişvili isə qeyd edib ki, Gürcüstanda İslam dininin inkişafı ilə bağlı fəaliyyət göstərən mədrəsə və dini məktəblər yenə də fəaliyyət göstərəcək və dövlət bu maarif ocaqlarını hər sahədə dəstəkləyəcək.

Qeyd edək ki, bu gün Gürcüstanın barış və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili sünni məzhəbi sahəsi üzrə seçilən müfti Yasin Əliyevlə də görüşəcək və problemləri müzakirə edəcəklər. Tədbirdə Gürcüstan baş nazirinin milli məsələlər üzrə məsləhətçisi Savalan Mirzəyev də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR