Təhsil naziri Dərslikləri Qiymətləndirmə Şurasının yeni seçilmiş üzvləri ilə görüşüb

Təhsil naziri Dərslikləri Qiymətləndirmə Şurasının yeni seçilmiş üzvləri ilə görüşüb
# 04 aprel 2014 15:11 (UTC +04:00)

Bakı .Könül Kamilqızı - APA. Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) yeni seçilmiş üzvləri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə təhsil naziri Mikayıl Cabbarov əsas diqqəti təhsil strategiyasında təhsilin məzmunu sahəsində aparılacaq islahatlara yönəldərək bu istiqamətdə hazırlanan yeni ümumtəhsil məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsi prosesində şəffaflığın və obyektivliyin təmin edilməsinin təhsil sistemi üçün həyati əhəmiyyət daşıdığını söyləyib. Nazir bu işdə DQŞ-nin üzərinə daha böyük məsuliyyət düşdüyünü, yeni tərkibdə təmsil olunan tanınmış mütəxəssislərin bu taleyüklü məsələnin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib. Sonra təhsil naziri dərslik islahatı sahəsində son vaxtlar atılan və gələcəkdə atılacaq addımlar barədə görüş iştirakçılarını məlumatlandırıb, tövsiyələrini nəzərə çatdırıb, bu məsul işdə DQŞ üzvlərinə uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında DQŞ-nin qarşısında duran vəzifələrə diqqət çəkərək, dərslik yaradıcılığının son dərəcə ciddi bir iş olduğunu söyləyib. Bu istiqamətdə gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrdən danışan nazir müavini DQŞ üzvləri üçün səmərəli fəaliyyət şəraitinin yaradılacağını, onların əməyinin stimullaşdırılacağını, bütün bunların sayəsində dərsliklərin keyfiyyətinin yüksələcəyinə əmin olduğunu bildirib.

Görüşdə DQŞ üzvlərinin sualları cavablandırılıb və müvafiq təklifləri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR