Azad Rəhimov: “Sifariş ərizəsini təxirə saldıq”

Azad Rəhimov: “Sifariş ərizəsini təxirə saldıq”
# 31 oktyabr 2013 09:33 (UTC +04:00)

Bakı – APA. Bakı 2019-cu ildə keçiriləcək Tələbələrin Ümumdünya Universiadasına ev sahibliyi etmək iddiasını geri götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan paytaxtı yarışı qəbul etməyə namizədliyini versə də, Braziliya və Budapeştlə mübarizəni sona kimi aparmayıb.

Buna səbəb diqqətin Bakıda keçiriləcək digər 3 böyük yarışa yönəldilməsidir.

Belə ki, 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək ölkəmiz 5 ildə 4-cü turniri keçirməkdə maralı olmayıb. Bundan başqa, futbol üzrə Avro-2020-yə də Bakının namizədliyi verilib.

Gənclər və idman naziri Azad Rəhimov insidethegames.biz saytına açıqlamasında Universiadadan imtinanın səbəblərini belə izah edib: “Biz 2019-cu ildə bu yarışı keçirsəydik, idman obyektlərimiz buna 100 faiz hazır olardı. Lakin biz qonaqların qalması üçün yerlərin necə həll ediləcəyini bilmirik. Bu üzdən qərara gəldik ki, sifariş ərizəsini gələcək üçün təxirə salaq”.

Qeyd edək ki, Universiada-2019-u keçirəcək şəhər noyabrın 9-da bilinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR