Ötən ay Azərbaycanda 1,9% inflyasiya olub

Ötən ay Azərbaycanda 1,9% inflyasiya olub
# 14 yanvar 2014 09:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,6%, qeyri-ərzaq mallarının qiymətləri 2,7%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,4% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə, ötən ay istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,9% bahalaşıb.

Ay ərzində limon, portağal, naringi, çuğundur, kökün qiymətlərində ucuzlaşma, un, düyü, makaron, mal və qoyun əti, toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, bitki yağları, alma, armud, heyva, nar, banan, qoz, fındıq, şabalıd, kələm, göyərti, kartof, soğan, sarımsaq, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunub.

Dekabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqlar, minik avtomobilləri, telefon faksimil cihazları, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabı, minik avtomobilləri üçün ehtiyat hissələri, kitab, yanacaq və sürtgü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri dekabr ayında bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR