Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsindən əmtəə alışını adambaşı 11% artırıb

Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsindən əmtəə alışını adambaşı 11% artırıb
# 25 fevral 2014 10:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla 177,9 manatlıq və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 17,5 manat və ya 10,9% çox əmtəə alıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq ötən ilin yanvar ayı ilə müqayisədə 40,9%-dən 46,0%-dək yüksəlib.

Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 22,1% artaraq 765,6 mln. manata çatıb, əmtəə dövriyyəsi üzrə real artımın 98,9%-i qeyri-ərzaq mallarının satışı hesabına təmin edilib. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 54,0% təşkil edərək 900,3 mln. manata bərabər olub və ötən ilin yanvar ayının səviyyəsini 0,2% üstələyib.

Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 96,1 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 81,8 manatlıq qeyri-ərzaq malları alıb. Ötən ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 16,2 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 1,3 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR