Azərbaycanda iti amansızcasına döyərək öldürən şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub - VİDEO

Azərbaycanda iti amansızcasına döyərək öldürən şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub  - <span style="color: red;">VİDEO
# 09 avqust 2013 11:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda itin amansızcasına döyülərək öldürülməsini əks etdirən videogörüntünün sosial şəbəkələrdə geniş yayılması ciddi rezonansa səbəb olub. APA-nın məlumatına görə, Füzuli rayonu ərazisində baş verdiyi ehtimal olunan olayın görüntüsündə gənc oğlan itin başına bağladığı kəndiri əlində tutaraq, digər əlindəki ağacla heyvana amansızcasına zərbələr endirir. İtin zərbələrdən, ağrıdan zingildəməsinə baxmayaraq, o, zərbələri davam etdirir, heyvanı can verənə qədər döyür.

Baş verənləri telefonun kamerasına çəkən digər şəxs isə bu tükürpərdici səhnəni soyuqqanlılıqla şərh edir, itə zərbələr endirən gənclə birlikdə əylənir.

Hadisə ciddi etirazlara, narazılıqlara səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrdə bu qeyri-insani əməli törədən şəxslərin cəzalandırılmasını, hətta onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edənlər də var. Bəs real vəziyyət necədir? Bu cür hadisəni törədən şəxslər barəsində qanun nə deyir?

Azərbaycan Milli Məclisi son sessiyasında heyvanlarla rəhmsiz rəftara görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzaları sərtləşdirib. Məcəlləyə əsasən Azərbaycanda ev heyvanları ilə rəhmsiz davranaraq onların şikəstliyinə və tələfatına səbəb olan şəxslər 500 manat cərimə edilir. Eyni zamanda yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsi, tibbi-texniki üsulların tətbiq edilməsinə görə 200 manat cərimə nəzərdə tutulub. Bundan başqa, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəminin dəyişdirilməsi və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqların kəsilməsi, dırnaq və dişlərin çıxarılması) aparılması da 200 manatlıq cərimə ilə cəzalandırılır. Heyvanların devokalizasiya edilməsi, məsələn, itlərin hürməməsi üçün boğazlarının kəsilməsi də 200 manatlıq cərimə ilə nəticələnir.

Nəhayət, ev heyvanlarını saxlayan və ya ona baxan şəxs tərəfindən heyvana müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğının göstərilməməsinə görə 200 manat cərimə müəyyən edilib.

“Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə isə hesab edir, Azərbaycanda vəziyyət o həddə çatıb ki, bu cür əməllər artıq inzibati yox, cinayət məsuliyyəti kimi xarakterizə olunmalıdır. “Köməksiz heyvanla bu cür rəftar əsl cinayətdir”, - deyə M. Rəsulzadə son videogörüntü ilə bağlı APA-ya açıqlamasında bildirib. O, ictimai qınağın da vacib olduğunu söyləyib: “Belə halların ciddi şəkildə qınanmasına ehtiyac var. Bu gün bölgələrdə heyvanların başına elə oyunlar açırlar ki, çoxlarının bundan xəbəri yoxdur”.

Təşkilat rəhbərinin fikrincə, görüntüdə iti amansızlıqla öldürən gənclərin hərəkətləri onların hansı ailədə böyüdüklərinin göstəricisidir: “Burada məsuliyyət daha çox valideynlərin üzərinə düşür. Təsəvvür edin, itlə belə rəftar edən gənclərin əlinə hansısa zəif insan, başqa varlıq düşsə, nələr edərlər?! Bu, onların hansı ruhda böyüməsinin göstəricisidir”.

M. Rəsulzadə bildirib ki, artıq faktla bağlı Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi təşkilat adından rəsmi məktub ünvanlanıb. O, bir müddət əvvəl isə təşkilatın “Heyvanlarla qəddar rəftara qarşı mübarizə” haqqında yeni qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim etdiyini diqqətə çatdırıb: “Hazırda parlamentdə bu qanun layihəsinin üzərində işlənilir. Bununla bağlı Prezident Administrasiyası, Heydər Əliyev Fondu və digər müvafiq qurumlar da məlumatlandırılıb. Qanunun tərtib olunmasında ABŞ təcrübəsi əsas götürülüb”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Rəfael Cəbrayılov isə APA-ya açıqlamasında bildirib ki, itin belə amansızlıqla öldürülməsi halı qəbuledilməz olsa da, bunu cinayət məsuliyyəti kimi xarakterizə etmək düzgün deyil: “Düzdür, Azərbaycan SSR Cinayət Məcəlləsində bu hal cinayət kimi qəbul edilirdi və bununla bağlı azadlıqdan məhrumetmə nəzərdə tutulurdu. Lakin 2000-ci ildə qəbul etdiyimiz yeni qanunvericilikdə digər hallarla yanaşı, ev heyvanları ilə amansız rəftaretmə faktı da Cinayət Məcəlləsindən çıxarıldı. Mən bunu düzgün hesab edirəm. Çünki müasir mühitimizdə heyvanın öldürülməsinə görə insanın azadlığının əlindən alınması o qədər də düzgün deyil. Əvəzində bu kimi halları törədənlərə tətbiq olunan cərimələri xeyli artırmışıq. Əlbəttə ki, cərimələr yetərli sayılmırsa, məbləğin daha bir neçə dəfə artırılması məsələsinə baxıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR