Azərbaycan Milli Məclisi “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin açıqlamasına münasibət bildirib

Azərbaycan Milli Məclisi “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin açıqlamasına münasibət bildirib
# 02 may 2014 17:01 (UTC +04:00)

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, bu günlərdə “Şəffaflıq Azərbaycan” İB Azərbaycan, o cümlədən Milli Məclis haqqında həqiqətə uyğun olmayan qərəzli hesabat yayıb.

“Şər və böhtan dolu bu sənəd geniş ictimaiyyətin, o cümlədən parlamentin mayın 2-də keçirilən iclasında deputatların narazılığına və tənqidinə səbəb olub. Ara-sıra bəzi KİV-də ölkənin siyasi sistemi və parlamenti haqqında gedən qərəzli məlumatları toplayıb hesabat adı ilə cəmiyyətə təqdim edən bu qüvvələrin fəaliyyəti millət vəkillərində haqlı suallar doğurub.

Bundan narahat olan “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi sağlam tənqidi qəbul etmək əvəzinə növbəti böhtan xarakterli bəyanatla çıxış edib. Onların iddiasına görə yuxarıda adı çəkilən hesabatın hazırlandığı dövrdə parlament rəhbərliyinə göndərilən sorğuya guya cavab verilməyib. Əslində isə qurumun Milli Məclisə ünvanladığı 2013-cü il 2 sentyabr tarixli 02/09/B-Tİ-Az-03 saylı sorğusuna həmin il sentyabrın 18-də geniş və ətraflı cavab verilmiş, bununla bağlı cavab məktubu onların [email protected] e-mail ünvanına göndərilib.

Göründüyü kimi, özünü şəffaf hesab edən bu qurum əslində şəffaflıqdan uzaq “nə qədər bacarırsan yalan danış” prinsipi ilə fəaliyyət göstərir”, - deyə MM-in məlumatında bildirilir.

Qeyd edək ki, “Şəffaflıq Azərbaycan” İB bu gün yaydığı açıqlamada bildirib ki, Şərq regionu üzrə Avropa Qonşuluq Siyasətində “Milli Davranış Sisteminin qiymətləndirilməsi” layihəsini həyata keçirir.

“Layihə çərçivəsində Qanunverici Hakimiyyət, Məhkəmə Hakimiyyəti, İcraedici Hakimiyyət, Dövlət sektoru və o cümlədən dövlət satınalmaları, Hüquq Mühafizə Orqanları, Seçki İdarəetmə orqanları, Ombudsman İnstitutu, Audit və yoxlamalar, Korrupsiyaya Qarşı Mübarizə üzrə dövlət qurumlarının fəaliyyəti, Siyasi partiyalar, Media, Vətəndaş cəmiyyəti və Biznes sahəsi üzrə qiymətləndirmələr aparılıb.

Artıq bu sahələrlə bağlı hazırlanan hesabatların ilkin variantı hazırdır. Hesabatın hazırlandığı dövrdə Milli Məclisin rəhbərliyinə sənəddə qoyulan suallara cavab almaq üçün müraciətlər ünvanlanıb. Təəssüf ki, 2013-cü ilin sentyabr və noyabr aylarında bu məqsədlə parlamentə iki sorğu göndərilsə də, suallara cavab verilməyib. Bununla belə təşkilat olaraq bildiririk ki, hesabat subyektivlikdən kənar və bu sahədə çalışan yerli və əcnəbi ekspertlərdən toplanan fikirlər əsasında hazırlanıb.

Bildirmək istərdik ki, müzakirəyə çıxarılan hesabat yekun variant olmadığından Milli Məclis tərəfindən təşkilatımıza göndəriləcək əsaslandırılmış rəyi də qiymətləndirmə zamanı nəzərə almağa hazırıq”, - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR