Baş nazirin müavini Əli Həsənov ABŞ səfirini qəbul edib - FOTO

Baş nazirin müavini Əli Həsənov ABŞ səfirini qəbul edib  - <span style="color: red;">FOTO
# 04 aprel 2014 14:16 (UTC +04:00)

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran Ə.Həsənov ABŞ-ın Azərbaycandakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib.

Komitə sədri bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını söyləyib. Əli Həsənov qeyd edib ki, bu insanların çoxsaylı problemlərinin birdəfəlik və optimal həlli yolu onların doğma ocaqlarına qaytarılmasıdır və Azərbaycan prezidenti də bu istiqamətdə ciddi səy göstərir. Onun sözlərinə görə, Azərbaycan dövləti öz vətəndaşlarının doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində gündən-günə artan iqtisadi imkanlarından lazımınca istifadə edir, məcburi köçkünlərin taleyinin daha önəmli olduğunu müntəzəm önə çəkir.

R.Morninqstar görüşə əsas məqsədinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə az da olsa töhfə vermək, bunun üçün müxtəlif infrastruktur və digər layihələr həyata keçirməkdən ibarət olduğunu nəzərə çatdırıb: “Məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ən böyük vəsaiti Azərbaycan hökuməti ayırır. Düşünürəm ki, bizim də həyata keçirəcəyimiz layihələr buna kömək ola bilər”.

R.Morninqstar hazırda səfirlik tərəfindən müxtəlif ərazilərdə həyata keçirilən texniki layihələrin icra vəziyyəti barədə danışıb. O, 45 məcburi köçkün uşağın müxtəlif kurslara cəlb olunması üçün yaradılacaq yay məktəbindəki layihələrin həyata keçirilməsi məqsədilə maliyyələşmənin təsdiqləndiyini də bildirib. ABŞ səfiri bu yaxınlarda Gəncə şəhərinə növbəti dəfə səfər edəcəyini və burada yeni istifadəyə verilmiş şəhərcikdəki məktəbə baş çəkəcəyini, məktəbin fəaliyyəti ilə yaxından tanış olacağını da diqqətə çatdırıb. Müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşdən aldığı təəssüratdan, onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaq istəyi olduğundan məmnunluğunu bildirən R.Morninqstar ABŞ-ın bu istiqamətdə Azərbaycan hökumətinə daim dəstək verəcəyini bildirib. O, Azərbaycanda gedən iqtisadi inkişafın, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Rəsmi Vaşinqtonun azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən R.Morninqstar bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırıb.

Ə.Həsənov bu cür layihələrin həyata keçirilməsini vacib sayıb, bütün bunların məcburi köçkünlərin istər həyat şəraitinin yaxşılaşdırılmasında, istərsə də onlar arasındakı reabilitasiya problemlərinin həllində mühüm rol oynayacağını qeyd edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR