Mehdi Kərrubi: “Xomeyninin vəfatından sonra İranda bütün seçkilər saxtalaşdırılıb”

Mehdi Kərrubi: “Xomeyninin vəfatından sonra İranda bütün seçkilər saxtalaşdırılıb”
# 15 may 2014 10:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran müxalifətinin liderlərindən olan, dörd ilə yaxındır ev həbsində tutulan Mehdi Kərrubi bir daha 2009-cu ildə Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş və ölkədə kütləvi etirazlara səbəb olmuş prezident seçkisinin saxtalaşdırıldığını bəyan edib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu Məhəmmədhüseyn Kərrubi atası ilə görüşündən sonra mayın 14-də “Facebook”dakı şəxsi səhifəsində yazıb.

Onun sözlərinə görə, M.Kərrubi İran İslam Respublikasının qurucusu, ayətullah Xomeyninin vəfatından sonra ölkədə bütün seçkilərdə faktiki olaraq saxtalaşdırma həyata keçirildiyini bildirib: “Belə ki, hakimiyyətdə güc sahibi olan qüvvələr sistemin respublika mahiyyətini sıradan çıxararaq, onu şəxsi və qrup mənafelərinə qurban verdilər. Onlar həmin vaxtdan ölkədə keçirilən bütün seçkilərdə müstəqil namizədlərin səlahiyyətini rədd edərək təhlükəsizlik, hərbi qüvvə və qurumlarının yardımı ilə nəticələri saxtalaşdırıb onu istədikləri məcraya salıblar. 2009-cu il seçkilərində də şah ağalara beyət edərək saxtalaşdırma işini həyata keçirdi və bizə də cavab vermək hüququ tanınılmayaraq böhtan və təhqirlər edilir”.

M.Kərrubi deyib ki, ötən bir il ərzində atası fiziki baxımdan xeyli zəifləməsinə baxmayaraq, əhval-ruhiyyəsi yaxşıdır: “Baxmayaraq ki, Kərrubi əməliyyat keçirdikdən sonra həkimlər onun hidroterapiya edilməsini tövsiyə ediblər, bu proses yalnız bir dəfə olub”.

Qeyd edək ki, M.Kərrubi bu ilin yanvarından etibarən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) xüsusi təcridxanasından ev həbsinə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR