Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncədə qəbul keçirib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncədə qəbul keçirib
# 21 may 2013 12:00 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncədə vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Tərtər və Kəlbəcər rayonlarından vətəndaşlar iştirak edib. Müxtəlif istiqamətli şikayətləri dinləyən komitə sədri yerli torpaq şöbələrinin rəhbərlərinə problemlərin həlli istiqamətində tapşırıq verib.

Q.Məmmədovun sözlərinə görə, vətəndaşların şikayəti əsasən islahat dövründə torpaq sənədlərinin alınması ilə bağlı olub. Komitə sədri bunu həmin vaxt vətəndaşların bəzilərinin ölkədə olmadığı üçün müvafiq icra orqanlarında qeydiyyatdan keçməməsi ilə əlaqələndirib: “Başqa bir qrup vətəndaş torpaq sahələrinin sərhədləri ilə bağlı problemlərlə üzləşdiklərini bildirib. Respublikada torpaq təxminən 3,5 milyon subyektə və yaxud 875 min ailəyə mülkiyyətə verilib. Bu sayda olan mülkiyyətçilərin arasında sərhəd mübahisəsi olur. Kimsə kimsənin sərhədini zəbt edir, başqası özünün olmayan yerdən yol çəkir. Bu kimi şikayətlər var”.

Q.Məmmədov bildirib ki, Gəncədə də torpaqla bağlı vətəndaşların şikayətləri olub: “Gəncədə salınan bəzi ərazilər ətraf rayonların torpaq sahələrinə düşdüyü üçün sənədləşmə işlərində bəzi çətinliklər yaranıb. Ölkə başçısı Gəncədə bu kimi narazılıqları aradan qaldırmaq üçün ətraf rayonlardan 2700 hektar torpaq sahəsinin Gəncəyə birləşdirilməsi ilə bağlı sərəncam verdi ki, bu ərazilərdə yaşayan insanlar qeydiyyatdan keçsin, illərlə yığılıb qalan problemləri öz həllini tapsın”.

Komitə sədri qeyd edib ki, Torpaq və Xəritəçəkmə Komitəsi Gəncənin sərhədlərinin dəqiqləşdirilməsi işini başa çatdırıb. O, yaxın vaxtlarda 2700 hektar torpağın bələdiyyələrə verilməsi ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti başçısının göstəriş verəcəyini, bununla da həmin ərazilərdə yaşayan vətəndaşların problemlərinin birdəfəlik həll ediləcəyini söyləyib.

Qeyd edək ki, sabah Qərib Məmmədov Şəmkirdə bu rayondan və Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR