İranda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin sayı 144 nəfərə çatıb

İranda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin sayı 144 nəfərə çatıb
# 08 may 2013 17:39 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin sayı 144 nəfərə çatıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyata alma mərhələsinin ikinci günü 69 nəfər müraciət edib. Onlardan ikisi qadındır. Eyni zamanda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün ərizə verənlər arasında iki nüfuzlu şəxs – İran Qızıl Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər və millət vəkili Həsən Sübhani də var.

Qeyd edək ki, prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyata alma mərhələsinin ilk günü 75 nəfər ərizə verib. Onların arasında 5 nüfuzlu şəxs İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, İran Mərdomsalari (Demokrat) Partiyasının baş katibi, keçmiş islahatçı millət vəkili Mustafa Kəvakabian sabiq səhiyyə naziri Kamran Bağıri Lənkərani, keçmiş yollar və şəhərsalma naziri Məhəmmədrza Səidikiya və sabiq vitse-prezident Sadıq Vaəzzadə ilə yanaşı, qəribə geyim və davranışları ilə diqqət çəkən şəxslər də var.

Xatırladaq ki, mayın 7-də İranda iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyata alma mərhələsi başlayıb. Proses mayın 11-dək davam edəcək. Mayın 12-16-da İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negahban) həmin namizədlərin səlahiyyətinə baxacaq və kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxaracaq. Bundan sonra hansısa bir səbəbdən səlahiyyətinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may arasındakı bir müddətdə şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq. Mayın 24-dən iyunun 12-dək təbliğat kampaniyası həyata keçiriləcək. Eyni zamanda İran Daxili İşlər Nazirliyi qeydiyyata alma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb. İran Dövlət Televiziya və Radio Təşkilatı (İRİB) isə prezidentliyə namizədlərin hər birinə öz seçki platformalarını seçicilərinə açıqlamaq üçün 10 saat efir vaxtı ayıracağını açıqlayıb. Belə ki, təbliğat kampaniyası zamanı hər bir namizədə 6 saat milli televiziyada, 4 saat isə milli radioda efir vaxtı veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR