Adil Qəribov: “Ermənistan “Metsamor” AES-in üçüncü enerji blokunun tikintisi üçün vəsait tapa bilmir”

Adil Qəribov: “Ermənistan “Metsamor” AES-in üçüncü enerji blokunun tikintisi üçün vəsait tapa bilmir”
# 08 noyabr 2013 11:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının (AES) ərazisində 3-cü enerji blokunun tikilməsi məsələsi hələlik mübahisəlidir. Bunun üçün Ermənistan lazımi vəsait tapa bilmir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. O bildirib ki, enerji blokunun tikintisi üçün tender də elan olunub və bir müddət əvvəl Rusiya tərəfindən müəyyən qədər kredit ayrılması ilə bağlı razılıq əldə edilib. Lakin sonradan Rusiyanın bu pulu verməkdən imtina etdiyini söyləyən A. Qəribovun sözlərinə görə, bir müddət keçdikdən sonra Moskva bu məsələyə razılıq verə bilər: “Çünki Ermənistan Rusiyaya hər zaman lazımdır. Qafqazda öz siyasətini həyata keçirmək üçün Rusiya Ermənistanı tək buraxmayacaq”.

"Metsamor" AES-in fəaliyyəti ilə bağlı mövcud vəziyyətə gəlincə, institut direktoru vurğulayıb ki, Ermənistan həmin stansiyanın təhlükəli olmasına baxmayaraq, oranı bağlamayacaq və reaktor işləyəcək: “İyirmi gün öncə bununla bağlı hesabat hazırlanıb və Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri həmin reaktorların təhlükəsizlik dərəcəsini qiymətləndirib. Hesabatda qeyd olunur ki, reaktorun 2016-cı ilə qədər sınaq işləmə dövrü var və bu müddətə kimi orada bütün sınaq işləri aparılmalıdır. Yalnız 2016-cı ildən sonra reaktorun istifadə vaxtı 10 il uzadılacaq. Bunun üçünsə Ermənistana külli miqdara vəsait lazımdır və həmin vəsait əsasən Rusiyadan alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR