Pakistan səfiri: “İkitərəfli əlaqələrimizin əsas məsələsi Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birimizə dəstək verməkdir” - MÜSAHİBƏ

Pakistan səfiri: “İkitərəfli əlaqələrimizin əsas məsələsi Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birimizə dəstək verməkdir” - <span style="color: red;">MÜSAHİBƏ
# 30 sentyabr 2013 08:58 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Pakistanın Azərbaycandakı səfiri İkrəmullah Məhsudun APA-ya müsahibəsi

- Pakistanla Azərbaycan arasında ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?

- Pakistan və Azərbaycan arasında lap əvvəldən sıx və səmimi əlaqələr var. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. Bizim ikitərəfli münasibətlərimiz ümumi mədəni irs, regional və qlobal məsələlərə birgə baxış və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Bizim əla siyasi əlaqələrimiz və sürətlə inkişaf edən hərbi əməkdaşlığımız mövcuddur.

Pakistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan əraziləri kimi tanıdığımız Dağlıq Qarabağın qanunsuz işğalına görə biz Ermənistanı dövlət kimi tanımırıq. Eynilə Azərbaycan Pakistan üçün vacib Cammu-Kəşmir məsələsində öz dəstəyini əsirgəmir.

- Pakistanın Azərbaycandakı səfiri kimi özünüz üçün hansı prioritetləri müəyyənləşdirmisiniz?

- Mən siyasi əlaqələrimizi qeyd etdim. Təəssüf ki, bizim iqtisadi əlaqələrimiz siyasi əlaqələrimizin səviyyəsinə çatmır. Mənim Pakistan səfiri kimi əsas prioritetlərim əhəmiyyətli iqtisadi siyasət yeritməklə ikitərəfli münasibətləri dərinləşdirmək olacaq. Eyni zamanda, müdafiə sahəsində əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük potensial var.

- Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi nə qədər olub? Bu il ticarət dövriyyəsinin artımı gözlənilirmi? Əməkdaşlığın hansı sahələrində daha çox fəallıq müşahidə olunur?

- Azərbaycanla Pakistan arasında 2012-ci ildə ümumi ticarət dövriyyəsi 1,5 milyon dollar təşkil edib, bu da qaneedici rəqəm deyil. Rəsmi rəqəmlərlə yanaşı, ikitərəfli ticarətin bir çox hissəsi sənədləşdirilməyib, çünki bəzən mallar üçüncü ölkəyə ixrac olunur ya da başqa səbəblərə görə onlar qeydə alınmır. Pakistan Azərbaycana yüngül sənaye malları, ərzaq məhsulları, meyvə-tərəvəz, idman ləvazimatları və avadanlıqları, dərmanlar və s. ixrac edir. Pakistan kənd təsərrüfatı, telekommunikasiya, informasiya texnologiyaları, tikinti və müdafiə sahələrində əməkdaşlıq təklif edib. Biz bu sahələrdə birgə müəssisələr yarada bilərik. Eyni zamanda, Azərbaycan bizə təbii ehtiyatların axtarışı və istismarında kömək edə bilər. Bu il İslamabadda nazirliklər səviyyəsində Pakistan-Azərbaycan birgə komissiyanın 6-cı sessiyanın keçirilməsi planlaşdırılır. Biz bu forumdan iqtisadi əməkdaşlığa diqqəti cəlb etmək üçün istifadə edəcəyik.

- Hər iki ölkə hərbi sahədə sıx əməkdaşlıq edir. Bu yaxınlarda yeni layihələrin həyata keçirilməsi gözlənilirmi?

- Ölkələrimiz arasında müdafiə sahəsində yaxşı əməkdaşlıq var. Mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri gerçəkləşir. Pakistan təmənnasız olaraq Azərbaycan hərbçiləri üçün ən yüksək səviyyəli təlimlər təşkil edir. Pakistan yüngül silahlar və döyüş sursatı, müdafiə avadanlıqları istehsal edir və biz onları Azərbaycana ixrac edə bilərik. Biz bu sahədə konkret inkişaf görməyə ümid edirik.

- Bu il ərzində ikitərəfli səfərlərin gerçəkləşməsi gözlənilirmi?

- Ötən il ikitərəfli səfərlərin təşkil edilməsi nöqteyi-nəzərindən çox uğurlu olub. Bu yaxınlarda Pakistanda parlament seçkiləri keçirilib və hakimiyyətə Nəvaz Şərif gəlib. Biz ümid edirik ki, keçən il olduğu kimi, bu il də çoxlu yüksək səviyyəli səfərlər olacaq.

- Azərbaycan və Pakistan iki qardaş ölkə sayılır, lakin hazırda birbaşa aviareyslər mövcud deyil. Bununla bağlı təklif irəli sürməyi planlaşdırırsınızmı?

- Hər iki ölkənin milli aviaşirkətləri bir neçə il əvvəl birbaşa uçuşlar yerinə yetirirdi, lakin sonradan dayandırıldı. Biz uçuşların bərpa edilməsinin mümkünlüyünü öyrənirik və bu, sözsüz ki, hər iki ölkənin insanları üçün faydalı olacaq. Hazırda PİA (Pakistan International Airlines) və AZAL (Azərbaycan Hava Yolları) arasında hava xidmətləri üzrə razılaşma üzərində müzakirə gedir. Bu da çox güman ki, ölkələrimiz arasında birbaşa aviauçuşların bərpa edilməsinə yol açacaq.

- Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Kəşmirlə bağlı Kontakt Qrupuna dəvət almışdı. Azərbaycan bu dəvətini qəbul edibmi?

- Bildiyiniz kimi, ikitərəfli əlaqələrimizin ən əsas məsələsi Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birimizə dəstək verməkdir. Pakistan Azərbaycanı İƏT-in Kəşmir üzrə Kontakt Qrupu kimi vacib foruma üzv olmağa dəvət edib. Azərbaycan həmin qrupa daxil olmaq niyyətində olduğunu bildirib və biz əminik ki, Azərbaycanın orada olması Kəşmir məsələsinin sülh yolu ilə həllində müsbət nəticə verər.

- Pakistan Ermənistanı Azərbaycanın ərazilərini işğal etdiyinə görə dövlət kimi tanımır. Pakistanın bu məsələ ilə bağlı mövqeyində dəyişikliklər baş veribmi? Eyni zamanda İrəvandan Azərbaycanın işğal olunmuş ərazilərinə uçuşların başlanmasına hazırlıqlar aparılmasına münasibətinizi bilmək istərdik.

- Pakistan həmişə qətiyyətli şəkildə Azərbaycana Dağlıq Qarabağ məsələsində dəstək verib və Azərbaycana məxsus bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğunu bildirib. Bu mövqeyimizə və Azərbaycana göstərdiyimiz dəstəyə görə Ermənistan bəzi vacib regional təşkilatlara bizim üzv olmağımızı əngəlləyib.

İrəvandan işğal olunmuş ərazilərə uçuşların təşkil edilməsi beynəlxalq qanunlara zidd olacaq, regional stabilliyi pozacaq və Qafqazda gərginliyini artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR