Bakıda “Atatürk və türk milləti” mövzusunda elmi konfrans keçirilir - FOTO

Bakıda “Atatürk və türk milləti” mövzusunda elmi konfrans keçirilir - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 09:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə “Atatürk və türk milləti” mövzusunda elmi konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransda çıxış edən Birliyin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, konfransın təşkil edilməsində məqsəd Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini yad etməkdir. Onun sözlərinə görə, tədbirə Türk dünyası ölkələrindən 17 nümayəndə qatılıb: “Atatürk nəinki, Türkiyənin, həm də bütün Türk Dünyasının görkəmli şəxsiyyətlərindən biridir. Atatürk Türk millətinin dəyəridir. Onun haqqında məlumatlı olmaq, onu anlamaq, dəyər vermək hər bir türkün borcudur”.

T. Rüstəmxanlı qeyd edib ki, gənclər arasında Atatürklə bağlı şeir, məqalələrdən ibarət müsabiqə elan edilib və konfransda qaliblər elan olunacaq.

Millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov çıxışında Mustafa Kamal Atatürkün xatirəsini yad etmək və onu anmağın Türk Dünyası üçün önəmli bir məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda Atatürk haqqında hələ ötən əsrin 20-ci illərindən məlumat yayılıb və o, qəhrəman kimi qiymətləndirilib: “Atatürk haqqında 1930-cu ilə qədər Azərbaycanda yazılan bütün məlumatlar çox geniş şəkildə əhatə olunub. Lakin 1930-cu illərin əvvəllərindən Atatürk haqqında ancaq mənfi fikirlər yazılıb. Bunun da əsas səbəbi Atatürkün sovet dövləti qurmaması olub. 1980-90-cı illərdə isə Azərbaycanda Atatürkün bir sıra mülahizələri yayılıb. Məlum olub ki, Türkiyənin problemləri həll olunduqdan sonra, 1930-cu illərdə Atatürk bütün türk dünyasının gələcəyi barədə düşünüb. Bunu onun oxuduğu kitablardan da görmək olar. Azərbaycanda Atatürk mərkəzinin yaradılması da ona olan diqqətin göstəricisidir. Ona qarşı Türkiyədə müxtəlif mövqelər olsa da, Atatürk Azərbaycanda birmənalı olaraq sevilir”.

Sonra Türkiyə, Makedoniya, Qırğızıstan, Çin və digər ölkələrdən gələn nümayəndələr Atatürk haqqında çıxış edərək, onun türk dünyası ölkələrinin inkişafına verdiyi töhfələrdən danışıblar.

Qeyd edək ki, konfrans iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR