İran diplomatları İsrailin Azərbaycandakı səfirliyini partlatmaq cəhdinə görə həbs edilən İran vətəndaşı ilə görüşə bilməyiblər

İran diplomatları İsrailin Azərbaycandakı səfirliyini partlatmaq cəhdinə görə həbs edilən İran vətəndaşı ilə görüşə bilməyiblər
# 09 dekabr 2013 13:40 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, diplomatik nümayəndəlik Azərbaycan tərəfindən onunla görüşmək üçün icazə gözləyir: “Səfirlik məsələni diqqətdə saxlamağa davam edir. Biz müvafiq qurumların rəsmiləri ilə danışıqlar aparırıq”.

Diplomat əlavə edib ki, saxlanılan B.Feyzi ona qarşı sürülən ittihamları rədd edir.

Qeyd edək ki, dekabrın 4-də İran səfirliyi B.Feyzi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin baş konsulu Möhsün Mövlayi İran vətəndaşı Bəhram Feyzinin apelyasiya məhkəməsində səfirlik nümayəndəsinin iştirakının təmin edilməsini istəyib: “Beynəlxalq qanunlara əsasən, ittiham olunan xarici ölkə vətəndaşı haqqında məhkəmə hökmü çıxarılmazdan əvvəl onun səfirlik nümayəndəsi ilə görüşü təmin edilməlidir. Lakin bu barədə bir neçə dəfə nota təqdim etməyimizə baxmayaraq, hələ də bu məsələ təmin edilməyib”.

İran konsulu Bəhram Feyzidən məktub aldıqlarını da söyləyib. Məktubda bildirilir ki, o, məhkəmənin qərarına etiraz olaraq aclıq elan edib və saxlanma şəraitindən şikayətlənib.

Xatırladaq ki, B.Feyzi İsrailin Azərbaycandakı səfirliyini partlatmaq cəhdi ittihamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə qərarından apelyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR