Çingiz Qənizadə: “Leyla Yunusun siyahısı nə ölkədə, nə də Avropada ciddi qəbul edilə bilər” - YENİLƏNİB

Çingiz Qənizadə: “Leyla Yunusun siyahısı nə ölkədə, nə də Avropada ciddi qəbul edilə bilər” - <span style="color: red;">YENİLƏNİB
# 24 yanvar 2014 15:11 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə ötən gün "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusun ölkədə siyasi məhbusların sayı ilə bağlı açıqladığı siyahıya münasibət bildirərkən deyib.

Ç. Qənizadə bildirib ki, Leyla Yunusun bu siyahısı nə ölkədə, nə də Avropada ciddi qəbul edilə bilər: “Ona görə ki, Leyla Yunus həmişə ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların siyasi sifarişlərini yerinə yetirərək belə siyahılar hazırlayıb. Ölkəsinə sevgisi olmayan bir adamın hazırladığı siyahı heç ölkədə də qəbul oluna bilməz. Avropa İnstitutları həmişə bizə tövsiyə edirlər ki, hüquq müdafiəçiləri heç bir siyasi təşkilatın təsiri altında olmasın və müstəqil olsun. Çünki belə olduqda onların hazırladıqları siyahı daha obyektiv olur. Amma Leyla Yunus bu gün Milli Şurada təmsil olunur, Milli Şuranın toplantılarını keçirməyə cəhd edir. Leyla Yunus radikal təşkilatlarla birlikdədir. Belə bir şəxsin hazırladığı siyahı təbii ki, birtərəfli və hakimiyyətin əleyhinə yönələn sənəd olacaq. Bunu da Avropa təşkilatlarının qəbul etməsi mümkün deyil. Çünki bu cür qurumlarda təmsil olunan adamın siyasi məhbus siyahısı hazırlayıb, paylaşması onlar tərəfindən qəbul olan deyil və qəbul edilməyəcək. Bu siyahı qərəzlidir, obyektiv və ədalətli ola bilməz. Burada da məqsəd Azərbaycan dövlətçiliyinə xələl gətirmək üçün atılan addımlardan biridir”.

Ç. Qənizadə əlavə edib ki, hələ ki, Avropa Şurası siyasi məhbus kriteriyası müəyyən etməyib: “Nə vaxt həmin kriteriyalar müəyyən edilərsə, biz də bunun ətrafında müzakirələr aparmağa hazırıq”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə APA-ya açıqlamasında bildirib ki, onların monitorinq qrupunun siyasi məhbus siyahısında 42 nəfərin adı var: “Bununla bağlı mütəmadi olaraq onlara müraciət edilir. Biz bu siyahını əlbəttə ki, Avropa Şurasının qəbul etdiyi kriteriyalara əsasən hazırlayırıq. Əvvəlcə müraciət olunan şəxslərin haqqında sənədlər toplanır. Əgər sənədlər kriteriyalarla uyğun gəlirsə, həmin məhkumu “siyasi məhbus” kateqoriyasına aid edirik”.

Hüquq müdafiəçisi müraciət edənlərin sayının çox olduğunu da qeyd edib: “Təbii ki, müraciət edənlər çoxdur. Amma heç də onların hamısının sənədləri uyğun gəlmir. Bizim siyasi məhbusların sayı ilə bağlı təqdim etdiyimiz siyahı tam obyektivdir. Digər siyahıları obyektiv hesab etmirəm”.

Qeyd edək ki, Sülh və Demokratiya İnstitutu (SDİ) 2014-cü ilin yanvar ayı üzrə Azərbaycanda siyasi məhbusların statistikasını açıqlayıb. Təşkilatın araşdırmasının nəticəsinə görə, ölkədə 134 siyasi məhbus var. Siyahıda Tofiq Yaqublu, Əvəz Zeynallı, Pərviz Həşimli, Fərəməz Allahverdiyev, Əbdül Əbilov, Anar Məmmədli, Qurban Məmmədov, Yadigar Sadıqovun, Babək Ədalətli, Elşən İsmayıllının və başqalarının adları var.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov isə APA-ya açıqlamasında prezident İlham Əliyevin Azərbaycanda siyasi məhbus olmadığını bəyan etdiyini deyib: “Bizim komitə bu məsələ ilə məşğul olmur, məşğul olmaq fikrimiz də yoxdur. Çünki bu məsələ ilə məşğul olan şəxslər bazarlıq edilər. Birinin hazırladığı siyahı digəri ilə düz gəlmir. Bizdə həbs olunan şəxslərin hər biri konkret cinayətə görə həbs olunublar. Bu mövzudan danışanda kiminsə adını hallandırmaq istəmirəm. Lakin həmin şəxslərin heç biri monitorinq aparmayıblar, həbs olunan heç bir şəxslə görüşməyiblər. Ona görə də bu siyahılar reallığı əks etdirmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR