7 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib

7 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
# 07 mart 2014 12:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) iki günlük başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmənin məqsədi saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Müəssisənin bütün obyektlərinə, o cümlədən yataqxana korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, məscidə, kluba, yeməkxanaya, mətbəxə, hamama baxış keçirilib, saxlanılma şəraitinin, qidanın normal olduğu müəyyən edilib.

Ümumilikdə 70-dək məhkum, o cümlədən cərimə təcridxanasında, tibb-sanitar hissəsində olan məhkumlar konfidensial qaydada qəbul edilib, onların sənədlərinə baxılıb, hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub. Məhkumlar saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının rəftarından, qidalanmadan və onlara göstərilən tibbi yardımdan narazılıq etməyiblər.

Eyni zamanda mətbuatda bir müddət əvvəl bu müəssisədə məhkum Ş.A.-nın hüquqlarının pozulduğu, bununla əlaqədar onun aclıq aksiyası keçirdiyi barədə verilmiş məlumat araşdırılıb və bu məsələnin həqiqətə uyğun olmadığı müəyyən edilib. Həmin məhkum izahatında saxlanılma şəraiti və rəftarla bağlı şikayətinin olmadığını vurğulayıb.

Müəssisə rəhbərliyinə bəzi məsələlərlə bağlı verilmiş müvafiq tövsiyələr yerində həll edilib.

Məlumatda o da bildirilir ki, digər cəzaçəkmə müəssisələri ilə müqayisədə, 7 saylı CM-də 200-dək məhkum işlə təmin olunub, cərimə təcridxanası təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR