Əmək və əhalinin sosial müdafiəsi naziri UNİCEF-in regional direktoru ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri UNİCEF-in regional direktoru ilə görüşüb
# 01 aprel 2014 12:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin XI sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səfər çərçivəsində UNİCEF-in Mərkəzi-Şərqi Avropa və MDB üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, S.Müslümov Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən söz açaraq bildirib ki, belə uşaqların dövlət hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, təhsil almaq, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları vardır. Təkcə son beş ildə respublika daxilində və xarici ölkələrdə olan reabilitasiya mərkəzlərində 13 074 nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidməti ilə təmin olunub. Nazir ölkəmizdə uşaqların, həmçinin sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində aparılan işlərdə UNİCEF-lə əməkdaşlıq təcrübəsini yüksək dəyərləndirib və bu əməkdaşlığın genişləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu qeyd edib.

UNİCEF-in Azərbaycanla əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edən M.P.Puarye Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu siyasət, o cümlədən uşaqların sosial müdafiəsi istiqamətində görülən işlər barədə məlumatlı olduğunu bildirib. M.P.Puarye həmçinin ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatları, yeni sosial layihələri yüksək qiymətləndirib.

Görüşdə həmçinin UNİCEF-lə Azərbaycanın əməkdaşlığının perspektivləri, ölkəmizlə qurumun birgə həyata keçirdiyi proqramlar barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR