Savalan dağının hər dərdə dava şəfalı suları - VİDEO

Savalan dağının hər dərdə dava şəfalı suları - <span style="color: red;">VİDEO
# 30 iyun 2014 14:14 (UTC +04:00)
Qarşımıza çıxan və Ərdəbili bizə tanıtmaq istəyən hər bir şəxs ilk olaraq bu barədə danışır. Savalan dağını bu vilayət üçün Allah vergisi sayırlar. Bu sular məhz bu sönmüş vulkanik dağın altından çıxır və hələ qədimdən insanlar müalicə məqsədi bu sulardan istifadə ediblər. Ərdəbil vilayətində 70 növ termal su mənbəyi mövcuddur.

Yəqin ki, hər birimiz uşaqlıqda "yumurtanı suya salırsan, bişib çıxır" hekayəsi barədə eşitmişik. Bura Ərdəbil vilayətinin Meşkin şəhərində yerləşən Qaynarca bulağıdır. Burada yerdən qaynayan suyun temperaturu 86 dərəcəyə çatır. Yumurta burada 3 dəqiqəyə bişir.

Yumurtanı bişirmək üçün üsullar çoxdur. Amma mənim kimi digər turistlər də eşitdiklərini sınaqdan çıxarmaq üçün bu qaynar suda mütləq yumurta bişirirlər. Amma təbii ki, suyun özəlliyi təkcə bu deyil.

Qaynarca bulağı Savalan dağının 3600 metrliyindədir. Yerin altından qaynar şəkildə çıxdığı üçün belə adlandırılıb. Əhalidən bu suların nəyə xeyri olduğunu soruşsan, "hər bir dərdin dərmanıdır" deyərlər. Bizi bu yerlə Meşkinşəhr rəhbərinin müavini Siyamərç Məzlumi tanış etdi. O, Ərdəbildə yerdən çıxan termal suların hansı xəstəliklərin müalicəsində istifadə olunduğu barədə də danışdı: “Bu suların şəfa əhəmiyyəti var. Qıç-bel ağrılarına görə insanlar bura müraciət edir”.

Təbii ki, insanlar bu qaynar suda çimə bilməzlər. Amma Ərdəbil təbiətinin bir unikallığı da eyni yerdə yan-yana qaynar su buz kimi soyuq suyun axmasıdır. Həmin suların qarışdırılaraq bədən temperaturuna uyğunlaşdırılması üçün su hovuzları yaradılıb.

Kişilərin və qadınların su hovuzları ayrıdır. Operatorumuz Xəyal Şükürlü kişilərin hamamını müxbirsiz çəkməli oldu. Hamamda böyüklər və kiçiklər üçün 2 hovuz var. İnsanlar tək müalicə üçün deyil, əyləncə, istirahət məqsədi ilə də buraya müraciət edirlər. Yəqin ki, "bu adamlarda heç vaxt boyun, bel ağrıları olmur" desək, haqlı olarıq. Qiymətlər də çox münasibdir.

Yaxınlıqdakı başqa bir məşhur bulaq İlandö bulağıdır. Bulağın ətrafında yaradılmış sanatoriyanın müdiri Mənsur Məzlumi deyir ki, bu bulaqdan axan su ürək və baş ağrılarını aradan qaldırır. O, bu ərazisini daha da genişləndirmək və insanların rahatlığını daha yaxşı təmin etmək məqsədi ilə işlər gördüklərini əlavə edir. Onun sözlərinə görə, burada qızılgüllü, kəkotulu əlavə göllər yaradılacaq, uşaqlar üçün xüsusi sahə tikiləcək və restoranlar açılacaq. Diqqətimizi ərazidə müxtəlif yerlərdə qurulmuş qədim alaçıqlar çəkdi. Mənsur Məzlumi bu alaçıqların Dədə Qorqud dövründən tikildiyini, burada isə qədimliyi simvolizə etdiyini deyir: “Burada insanlara Şahsevən dediyimiz tərəkəmə tayfaların geyimində xidmət göstəriləcək. Belə komplekslərin sayı 12-dir”.

Mənsur Məzlumi azərbaycanlılara xas qonaqpərvərliyindən də geri qalmadı. Bizə xanımının öz əlləri ilə bişirdiyi axşam yeməyi təşkil etdi. Çox yaxşı ailəsi var. Sanatoriya müdiri bizə bir sirr də açdı. O, Azərbaycan dilinin qrammatikası kitabını yazır. Hazırda kitab redaktədədir.

Yolumuz kükürdlü bulağa tərəfdir. Bulağa yaxınlaşmağa 1 kilometr qalmış artıq yumurta iyi verən kükürdün kəskin qoxusunu hiss edirik. Amma təəssüf ki, biz orada nə kükürdlü suyu görə bilmədik, nə də kükürdün olduğu yeri. Su vannası qəbul etmək növbəsi qadınlara çatdığından çəkiliş qrupumuzu içəri buraxmadılar. Kükürd isə çox yuxarıda idi, ora çıxmaq çətindir. Həm də yuxarıda kükürd iyindən nəfəs almaq mümkün deyil. Mədəndən kükürd gətirən insanlar xüsusi maskalarda istifadə edirlər, həm də bu işi çox qısa zamanda etməlidirlər. Bizə müalicə üçün balaca torbalarda satılan kükürdü çəkmək qaldı.

Ərdəbilin turizm şəhəri olan Səreyn də isti bulaqları ilə qürrələnir. Şəhərin turizm potensialı da məhz bu təbii sərvət üzərində qurulub. Hər il yay aylarında bura yerli əhalinin sayından üç dəfə çox turist gəlir. Buradakı müalicəvi hovuzların suyu Savalandan gələn suların axıntısı olan Camışgöldən alınır. Bir neçə sanatoriyanı gəzdik. 2 saatlıq su vannası üçün bizim pulla təxminən 1-2 manat ödəməlisən. Bura xarici turistlər də çox gəlir. Bu şəxs Almaniyanın Münix şəhərindən gəlib, adı Manfred Lidemardır.

Bir neçə gündür dostlarımla bütün İranı gəzirik. Bu gün buraya gəlmişik. Sabah səfərimizi bitir. Məncə, İran çox gözəldir. Bu gün üzgüçülük hovuzunda oldum. Məncə, o çox xeyirlidir. Mənim yaşım bir az çoxdur. 71 yaşım var. Ona görə də düşünürəm ki, bu suda çimmək mənə çox xeyirdir.

İnsanlar bu suların xeyrinə inanır və həqiqətən də ağrılarının azaldığını deyirlər. Burada istənilən ağrının adını çəksən, onu müalicə etmək üçün hovuz tapılar. İrana səfərimiz müddətində çox maraqlı yerlər gördük, çox xoş günlər keçirdik. Amma ən çox zövq verən oranın qonaqpərvərliyi, istiqanlığı, sevgisi ilə bizə doğma olan insanları idi. Bu insanlara, bu sevgiyə görə qədim, doğma tarix və mədəniyyətinin yatdığı o torpaqlara getməyinə dəyər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR