DBX: İranda və Türkiyədə heyvanlar arasında yayılan yoluxucu xəstəlik Azərbaycanda qeydə alınmayıb

DBX: İranda və Türkiyədə heyvanlar arasında yayılan yoluxucu xəstəlik Azərbaycanda qeydə alınmayıb
# 12 iyun 2014 09:11 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Hələ ki, İranla, eləcə də Türkiyə ilə həmsərhəd olan bölgələrimizdə “Nodulyar dermatit” xəstəliyi qeydə alınmayıb”.

Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli deyib.

Hazırda İranda heyvanlar arasında yayılan bu yoluxucu dəri xəstəliyinin ilk dəfə Türkiyədə aşkarlandığını deyən Y. Xanvəli, virusun Türkiyədən Naxçıvan istiqamətinə keçmə ehtimalının olduğunu bildirib: “Ona görə orada da nəzarət tədbirləri aparılır. Ümumiyyətlə, bu xəstəliyə görə, ölkəmizdə epizootik vəziyyət sabitdir. Dövlət Baytarlıq Xidməti bütün rayonların Baytarlıq İdarələrinə göstəriş verib ki, sahə baytarlıq məntəqələri İranla həmsərhəd olan kəndləri ciddi nəzarətə götürsünlər. Tapşırılıb ki, heyvanlara mütəmadi olaraq dezinfeksiyaedici maddələr yuyulsun. Həmin ərazilərdə daima nəzarət tədbirləri aparsınlar və vəziyyət barəsində mütəmadi olaraq Dövlət Baytarlıq Xidmətinə məlumat verilsin”.

Y. Xanvəli əlavə edib ki, xəstəliyin əsas daşıyıcısı qansorucu həşəratlardır və xəstəlik heyvanlar arasında geniş yayılır və insana keçmir.

Qeyd edək, İranın İlam, Kürdistan, Kirmanşah və Azərbaycanla həmsərhəd olan Qərbi Azərbaycan əyalətində təxminən 1 aydır ki, heyvanlar arasında yoluxucu dəri xəstəliyi yayılıb. Xəstəlik “Nodulyar dermatit” adlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR