Azərbaycanda sığortaolunalar barədə hesabatları elektron formada təqdim edənlərin sayı artıb

Azərbaycanda sığortaolunalar barədə hesabatları elektron formada təqdim edənlərin sayı artıb
# 28 noyabr 2013 10:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb.

DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, budəfəki sorğu zamanı respondentlərə «Rüblük (illik) hesabatları və sığortaolunalar barədə məlumatları elektron formada təqdim edirsinizmi?» sualı ünvanlanıb. Sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti, 54,1%-i hesabatları elektron formada təqdim etdiyini, 15,8% isə köhnə qaydaya üstünlük verdiyini nəzərə çatdırıb. Sorğuya qatılanların 30,1%-i bu sahədə qismən məlumatlı olduğunu qeyd edib.

Bu ilin ötən dövründə DSMF-nin «Elektron hökumət» portalına (www.e-gov.az) inteqrasiya olunan elektron xidmətlərindən, o cümlədən Fondun saytı (www.dsmf.gov.az) vasitəsilə göstərilən elektron xidmətlərindən ümumilikdə 150 mindən çox istifadəçi yararlanıb.

Bu ilin ikinci yarısından etibarən isə beynəlxalq praktikada ilk dəfə olaraq ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaya yeni çıxan vətəndaşların ən çox müraciət etdiyi xidmətlərdən biridir.

Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb. İlin sonuna kimi daha bir neçə yeni xidmətin «Elektron hökumət» portalına inteqrasiyası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR