«Azərpoçt»un rebrendinqi ilin sonuna qədər başa çatacaq

«Azərpoçt»un rebrendinqi ilin sonuna qədər başa çatacaq
# 18 fevral 2014 13:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Hollandiyanın «Guidion» şirkəti Azərbaycanın milli poçt operatoru – «Azərpoçt»un rebrendinqini bu ilin sonuna kimi başa çatdırmalıdır. «APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Nazirliyin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, şirkət hazırda «Azərpoçt»un rebrendinq strategiyasının üzərində işləyir: «Çox güman ki, burada «Azərpoçt»un loqotipinin dəyişilməsi nəzərdə tutulmur, çünki milli poçt operatorunun loqotipi yeni dəyişdirilib. Lakin daha uğurlu loqotip düşünülərək təklif edildiyi halda, bu, istisna edilmir».

Qeyd edək ki, Hollandiya şirkəti ötən ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub. Bu tender SECO-nun (İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyi) Azərbaycan hökumətinə ayırdığı qrant hesabına «Maliyyə xidmətlərinin inkişaf etdirilməsi Layihəsi» çərçivəsində keçirilib.

Tenderin şərtlərinə əsasən, şirkətin «Azərpoçt» üçün hazırladığı marketinq strategiyası çərçivəsində Şirvanda pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR