Tibb Universitetinin rektoru attestasiya komissiyasının sədrləri və üzvləri ilə görüşüb

Tibb Universitetinin rektoru attestasiya komissiyasının sədrləri və üzvləri ilə görüşüb
# 22 may 2014 13:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov 2014-cü ilin bakalavr, magistr və ali tibb təhsilinin baza tibb təhsili üzrə dövlət attestasiya komissiyasının rəhbərliyi və üzvləri ilə görüşüb.

ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rektor Ə.Əmiraslanovun attestasiya komissiyasının sədrləri ilə görüşündə ATU-nun prorektorları və tədris şöbəsinin əməkdaşları iştirak edib.

160-a yaxın komissiya üzvünün iştirak etdiyi digər görüşdə attestasiya imtahanlarının təşkili, qaydaları, məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsinə dair müzakirələr aparılıb. Akademik Ə.Əmiraslanov dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq dərəcə və diplomun verilməsi haqqında qərar çıxarılmasının şəffaflığı, komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi haqda müvafiq göstərişlər verib.

Qeyd edək ki, ATU-nun I müalicə-profilaktika, II müalicə-profilaktika, pediatriya və hərbi tibb fakültələrinin son kurs tələbələri arasında attestasiya imtahanları adi üsulla keçirilir. Tibbi profilaktika və tibbi biologiya, stomatologiya və əczaçılıq fakültələrinin məzunları isə kredit sistemi ilə təhsil aldıqları üçün test üsulu ilə kompüterlə imtahandan keçəcəklər.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna uyğun olaraq ali təhsil müəssisələrində ayrı-ayrı əsas ixtisas fənlərinin və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin müvafiq olaraq həmin fənlər üzrə yekun və buraxılış yekun dövlət attestasiyasından keçirilməsi məcburidir. Bu, ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyaları tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR