GOPAC-ın 6-cı konfransı Azərbaycanda keçirilə bilər

GOPAC-ın 6-cı konfransı Azərbaycanda keçirilə bilər
# 21 may 2013 09:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisində Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) İnformasiya Sessiyasının iclasında müzakirələr aparılır. APA-nın məlumatına görə, müzakirələr zamanı GOPAC Direktorlar Şurasının sədri Edqardo Anqara bildirib ki, dünya çox sürətlə dəyişir, gənclərin gözləntiləri artır və onları yerinə yetirmək çətinləşir.


O qeyd edib ki, nəzarət güclü olan siyasi sistemlərdə gənclərin təşəbbüsləri artıq önəmli yer alır: “Bəzi hallarda idarəetmə gənclərin istəklərinə cavab vermir və bu da “Ərəb baharı”nın yaranmasına səbəb oldu. GOPAC idarəetmənin daha da yaxşılaşmasına yönəlib. GOPAC-ın əsas şöbəsi Ottavada yerləşir, lakin Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi Amerikada onun nümayəndəlikləri mövcuddur. Biz istərdik ki, daha yaxşı idarəetməni təmin edərək insanları yoxsulluqdan qorusunlar. Biz ölkələrdə olan problemlərə milli həll yolları tapmalıyıq”.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə bildirib ki, Azərbaycan son illərdə korrupsiyaya qarşı mübarizədə çox ciddi islahatlar həyata keçirir və bu islahatlar zaman keçdikcə daha da dərinləşir. O, korrupsiya probleminin həllində parlamentin rolundan danışaraq qanunvericilik sahəsində beynəlxalq konvensiyaların qəbul edilməsində gördüyü işlər barədə məlumat verib. Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində mərkəzi və yerli orqanların formalaşdığını deyən Valeh Ələsgərov 2015-ci ildə GOPAC-ın 6-cı konfransının Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış edib və qarşı tərəf şifahi olaraq bu təşəbbüsə etiraz etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR