Heydər Əliyevin 90 illik yubileyi bir çox ölkələrdə qeyd olunub

Heydər Əliyevin 90 illik yubileyi bir çox ölkələrdə qeyd olunub
# 10 may 2013 12:00 (UTC +04:00)

Bakı – APA. Argentinada Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Heydər Əliyev və müasir Azərbaycanın qurulması” adlı kitabın təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbir Argentinanın La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun “Azərbaycanşünaslıq” kafedrası, Azərbaycanın Argentinalı Dostları Klubu və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdə kitabın müəllifi professor Paulo Botta, Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun sədri deputat Roberto Moullieron, La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Norberto Consani, Azərbaycanın Argentinalı Dostları Klubunun sədri Xorxe Kolombre Marmol və Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyindəki əvəzsiz xidmətləri, ölkəmizin inkişaf strategiyası və regional siyasətdəki önəmli rolu barədə danışıblar.

Azərbaycanın Braziliyadakı səfirliyində də Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Braziliya xarici işlər nazirinin müavini Hadil da Roşa Vianna, Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin Prezidenti deputat Nelson Pellegrino, Deputatlar Palatasının Müvəkkili deputat Klaudio Kajado, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, habelə xarici ölkələrin Braziliyada akkreditə olunmuş səfirləri, Braziliya dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri və akademik dairələrin nümayəndələri iştirak edib.

Küveytin paytaxtı əl-Küveyt şəhərində yerləşən beynəlxalq tədbirlərin və təmtəraqlı ziyafətlərin keçirildiyi “Marina” mehmanxanasının “Salva əl-Sabah” zalında Heydər Əliyevə həsr olunmuş sərgi-tədbir keçirilib. Tədbirdə Küveyt Dövlətinin təhsil naziri Nayif Fələh Əl-Hacraf olmaqla, həmyerlilərimizin “Vətənsevər” cəmiyyətinin üzvləri, diplomatik korpusun nümayəndələri, əcnəbi və yerli qonaqlar, o cümlədən Küveytin bir sıra rəsmi şəxsləri və hakim ailənin üzvləri iştirak ediblər.

Qazaxıstanın qərb bölgəsində yerləşən Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində isə Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu tərəfindən təsis edilmiş Heydər Əliyev adına təqaüdlər tələbələrə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR