Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar konfrans keçirilib - FOTOSESSİYA

Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 aprel 2014 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar “Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, bu konfransın mövzusu - kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsi son dərəcə aktualdır. Nazir iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılmasına başlandığını bildirib: “Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisi nəzərdə tutulur. Digər bölgələrdə də belə laboratoriyalar yaradıla bilər. Onlarda olan ən müasir avadanlıqlar istehsal sahələrində işçilərin sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amilləri öyrənməyə imkan verəcək”.

Əməyin mühafizəsi sahəsində sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirildiyini qeyd edən S.Müslümov son vaxtlarda nazirliklə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, və digər təşkilatlarla memorandumlar imzalandığını bildirib: “Eyni zamanda, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr qururuq. Qarşıdakı dövrdə işçi insanların həyat və sağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarəti daim artırılacaq”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində təşkilatın fəaliyyəti, onun nəticələri barədə məlumat verib. Sosial tərəfdaş olaraq ƏƏSMN ilə əməkdaşlıq əlaqələrinin diqqətdə saxlanıldığını qeyd edən S.Mehbalıyev əməyin mühafizəsi sahəsində birgə səylərin daim güclənəcəyini bildirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasının hər bir işəgötürən üçün ilk növbədə mənəvi borc olduğunu vurğulayıb. Əməyin mühafizəsinin eyni zamanda hər bir müəssisənin iqtisadi mənafeyi üçün də vacib olduğunu vurğulayan M.Musayev rəhbəri olduğu təşkilatın bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR