Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib
# 29 aprel 2014 13:50 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprel ayının 30-dan 20 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 48 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, 5 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 7 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 3-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 45-i isə məhkəmə orqanlarının aparatındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 6-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, biri isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Azərbaycan Respublikasının müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən ölkəmiz haqqında ümumi biliklər və Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı aprelin 30-dan mayın 29-da saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olanlar isə sənədlərini aprelin 30-dan mayın 19-da saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR