Gələn il Azərbaycanda kino çəkilişi üçün 6,5 milyon manat vəsait ayrılacaq

Gələn il Azərbaycanda kino çəkilişi üçün 6,5 milyon manat vəsait ayrılacaq
# 05 noyabr 2013 12:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. “2014-cü ildə Azərbaycanda kino çəkilişi üçün 6,5 milyon manat vəsait ayrılacaq. Bura təkcə filmlərin çəkilişi yox, digər məsələlər də daxildir. Məsələn, premyeraların keçirilməsi, xarici əlaqələrin qurulması və s.”

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

Onun sözlərinə görə, hazırda istehsalatda bir neçə film var ki, nazirlik yaxın vaxtlarda onların premyerasını planlaşdırılır: “Qisas almadan ölmə”, “Polkovnikin xəzinəsi”, “Nabat”, “Axınla üzü aşağı” və s. filmlərin bəzilərinin çəkilişləri başa çatıb, post-prodakşn mərhələsindədir, bəziləri isə başa çatmaq üzrədir. Ümumiyyətlə, kinoya ayrılan məbləğ aylara bölünür və il boyu çəkilişi nəzərdə tutulan filmlərin büdcəsindən asılı olaraq sərf olunur. Əvvəlki illərin təcrübəsindən çıxış edərək demək olar ki, ilə təxminən yeddi-səkkiz film düşür. Bu, çəkilişi nəzərdə tutulan filmlərin büdcə məsələsi ilə bağlıdır. Ola bilər, il ərzində daha az film çəkilsin”.

Y.Şeyxov əlavə edib ki, 2014-cü il üçün lentə alınması nəzərdə tutulan filmlərin ilkin hazırlıqları aparılıb: “Bu haqda konkret nə isə demək mümkün deyil. Daha doğrusu, bir sıra məsələlər var ki, dəqiqləşəndən sonra konkret nə isə danışmaq olar. Məsələn, Elxan Cəfərov müharibə mövzusunda yeni film çəkilişlərinə hazırlaşır, hələlik ilkin mərhələdir. Filmin yalnız şərti adı məlumdur, ona görə də bu haqda danışmaq tezdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR