Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib
# 12 iyun 2014 14:13 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 6 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.

Öncə Lerik Rayon Təhsil Şöbəsinin “Azadlıq” qəzetinin 14 aprel 2014-cü il tarixli sayında dərc olunmuş “Deputatın qohumuna korrupsiya ittihamı” sərlövhəli yazı ilə bağlı müraciətinə baxılıb. Komissiya materialı araşdıraraq rəyə gəlib ki, materialda təhsil şöbəsinin məsələ ilə əlaqədar ətraflı mövqeyi yer almadığından, oxucular və ictimaiyyət məsələnin təfərrüatları barədə dolğun, obyektiv məlumatlandırılmayıb. Qəzet rəhbərliyi buna şərait yaratmağa hazır olduğunu bildirib. Buna görə də şikayətçi tərəfə belə mətnin hazırlanıb “Azadlıq” qəzetinə ünvanlanması tövsiyə olunub.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının təmsilçisi iclasda məlumat verib ki, pia.az və azerinfo.org saytlarında bu ali təhsil ocağı barədə gedən qeyri-obyektiv yazılar Mətbuat Şurasının tövsiyələrindən sonra həmin kütləvi informasiya vasitələrindən götürülüb. Nümayəndə vurğulayıb ki, bununla belə, narazılıq doğuran məqalələrin izləyicilərdə yarada biləcəyi yanlış təəssüratın aradan qaldırılması üçün filialın mövqeyini işıqlandıran məktubunun da yayımlanması mühüm əhəmiyyət kəsb edərdi. Təklif bəyənilib və hər iki sayta məktubun təqdimatı tövsiyə olunub.

İclasda 3 KİV barədə toplanmış materialların Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi məqsədə müvafiq sayılıb. Belə ki, “Azad Azərbaycan Respublikası” qəzetinin baş redaktoru Elmar Əliyevin Gəncə Musiqi Kolleci rəhbərliyinə məktubu nalayiq ifadələr, hədə və təhqirlərlə dolu olduğundan, mətbu nəşrə MŞ-nin sonuncu xəbərdarlığın edilməsi, məsələnin ictimailəşdirilməsi, həmçinin hüquqi müstəvidə dəyərləndirilməsi razılığına gəlinib.

Komissiyanın “IV hakimiyyətin səsi” qəzeti barədə rəyində isə göstərilib ki, mətbu nəşr əsasən Bakının Sabunçu rayonundakı, xüsusilə Kürdəxanı qəsəbəsindəki müxtəlif büdcə təşkilatlarını hədəf götürür. Kürdəxanı qəsəbəsi 113 saylı orta məktəbin şikayətini doğuran yazıda da digər nümunələrin əksəriyyətindəki kimi etik prinsiplərə sayğısız yanaşılıb. Buna görə də qəzetə MŞ-nin xəbərdarlığı olunub. Məsələyə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxıldıqdan sonra Şuranın İdarə Heyəti tərəfindən yekun qərar çıxarılacaq.

Salyan Rayon İcra Hakimiyyətinin “azpolitika.az” saytı ilə bağlı şikayəti əsasında qərarın qəbulu da eyni prosedur yekunlaşdıqdan sonra məlum olacaq.

Sabirabad Dövlət Sosial İqtisadi Kolleci ilə “Dövlət və ictimai fikir” qəzeti arasında anlaşma əldə olunduğuna görə məsələ həllini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR