“Hyundai” “Gələcəyimiz üçün əl-ələ” adlı yeni sosial layihəyə başlayır

“Hyundai” “Gələcəyimiz üçün əl-ələ” adlı yeni sosial layihəyə başlayır
# 15 aprel 2014 13:30 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bununla bağlı şirkətin bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib.

Konfransda iştirak edən “Hyundai” şirkətinin PR məsləhətçisi Afət Yaqubova, İnternat Məzunlarının Sosial İnteqrasiya İctimai Birliyinin sədri Araz Əhmədov, şirkətin marketinq mütəxəssisi Rauf Cahangirov və Korporativ Sosial Məsuliyyət üzrə ekspert Orxan Rəcəbov layihə haqqında geniş məlumat veriblər.

Layihənin məqsədi valideyn himayəsindən məhrum olub, internat müəssisələrində təhsil alan, ordan isə birbaşa cəmiyyətə atılan gənclərə dəstək olmaq, onların peşəyə yiyələnərək işlə təmin olunmasına yardım etməkdir.

Belə ki, yaşı 23-ə qədər olan internat məzunları “Sən də varsan!” kampaniyasında iştirak etmək üçün mayın 31-dək www.geleceyimizuchunelele.az saytı vasitəsilə ərizə doldura bilərlər. İnternetə çıxışı olmayanlar isə “Hyundai” ofis və dilerlərinə müraciət edib, ərizə formasını yazılı doldurmalıdırlar. Bundan sonra psixoloqlar, sosial işçilər müraciət edənlər arasında 20 gənci seçəcək. Bunun üçün xüsusi meyarlar tələb olunmur. İşləmə qabiliyyəti olan insanlar seçimdən keçəcəklər. Mərhələni keçə bilməyənlər isə növbəti seçimlərdə təkrar müraciət edə bilərlər. Seçilən 20 internat məzununa ilkin olaraq motivasiya, uğur qazanmağın sirləri öyrədiləcək. Növbəti mərhələdə isə mütəxəssislər tərəfindən peşə təlimi keçiləcək. Təlimlərin müddəti seçiləcək peşəyə uyğun təyin ediləcək. Təlimi bitirənlərə sənət sertifikatı veriləcək və şirkət daxilində işlə təmin olunacaqlar. Layihənin üstünlüyünü ondadır ki, təlimlərdə iştirak edib peşə sahibi olan gənclər sonradan iş seçimində sərbəstdirlər. Onlar qalıb “Hyundai” distribüterində işləyə, yaxud iş üçün başqa şirkətlərə də müraciət edə bilərlər.

Bu layihə bütün Azərbaycan üçün nəzərdə tutulduğundan bölgələrdə yaşayan internat məzunları da iştirak edə bilərlər. Bunun üçün onlar Gəncə, Lənkəran və digər bölgələrdə olan “Hyundai” ofis və dilerlərinə, yaxud yuxarıda qeyd edilən internet ünvanına müraciət etməlidirlər. Təlimlər paytaxtda keçiləcəyi üçün bölgələrdən gələcək gənclər evlə də təmin olunacaq. Bundan sonra onlar iş seçməkdə sərbəstdirlər.

Qeyd edək ki, “Gələcəyimiz üçün əl-ələ” “Hyundai”ın rəsmi təmsil olunduğu qlobal korporativ sosial məsuliyyət layihəsidir. Layihə bütün dünyada “Moving the world together” adlı altında reallaşdırılır.

Azərbaycanda “Gələcəyimiz üçün əl-ələ” layihəsi 2009-cu ildən həyata keçirilir. Avtomobil qəzasında valideynlərini itirən uşaqlara dəstək kampaniyasından başlamış ötən mərhələlərdə 300 min manatdan artıq məbləğlə 800-ə yaxın uşağa yardım edilib. Bu layihələrin reallaşmasında hər bir “Hyundai” avtomobilini sahibinin, tərəfdaşının, əməkdaşının payı var.

“Hyundai” inanır ki, digər şirkətlər də bu həssas qrupun cəmiyyətin layiqli övladına çevrilməsinə, özlərinin xoşbəxt gələcəklərini qurmaqlarına şərait yaradacaq, onlara dəstək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR