Bahar Muradova: “Başqa ölkələrdə baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkün deyil”

Bahar Muradova: “Başqa ölkələrdə baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkün deyil”
# 19 mart 2014 13:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycan müstəqillik əldə etdikdən sonra mövcud mühitdən istifadə olunaraq bir sıra siyasi cərəyanlar yaranıb. Təəssüflər olsun ki, bu sırada radikallar da özlərinə yer tutub”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP0 rəsmi saytına müsahibəsində Milli Məclisin sədr müavini, partiyanın İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

O qeyd edib ki, vaxtilə hakimiyyət boşluğu nəticəsində radikal düşərgə nümayəndələri özləri iqtidar olublar: “Amma onlar nəinki xalqın dəstəyini qazana bilmədilər, hətta qısa müddət sonra cəmiyyət tərəfindən qəbul edilmədilər. Hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti radikalizmi tamamilə inkar edir. Amma radikal müxalifət başqa yol və vasitə bilmədiyindən, həmçinin normal fəaliyyət mexanizminə malik olmadığından, dağıdıcılıqdan imtina etmədi. Odur ki, bu gün cəmiyyətdən dəstək ala bilməyənlər bu dəstəyi ölkə sərhədlərindən kənarda axtarır, bu və ya digər dairələrə üz tuturlar. Məsələn, bəzi ölkələrdə baş verən dağıdıcı hadisələrin, ictimai-siyasi kataklizmlərin surətini qiyabi olaraq - mətbuat üzərindən Azərbaycana köçürməyə çalışır, antimilli çağırışlarla çıxış edirlər. Lakin anlamırlar ki, nə Ukraynada, nə də ərəb ölkələrində baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkün deyil. Çünki hər bir ölkənin özünəməxsus ictimai-siyasi reallıqları mövcuddur və proseslər, hadisələr bu reallıqlar əsasında baş verir. Azərbaycan dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkədir. Həmçinin xalqın mütləq əksəriyyəti ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini dəstəkləyir”.

Vitse-spiker bildirib ki, nəticə etibarilə radikal müxalifət sosial dayağa və praqmatik fəaliyyətə malik olmadığından, siyasi səhnədən çəkilməlidir: “Biz bunu beynəlxalq təcrübədə - bir çox ölkələrin nümunəsində müşahidə etmişik. Bu, artıq mütləq zərurət kimi çıxış edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR