Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanıb

Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanıb
# 30 yanvar 2014 14:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə təhsil müəssisələrinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər yeni salınan şəhərciyə köçürülür.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə şəhəri üzrə nümayəndəsi Süleyman Abbasovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, köçürülmə işinə bu gündən başlanılıb.

O qeyd edib ki, bu işlə Dövlət Komitəsində yaradılan xüsusi komissiya məşğul olur. İlk olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı yataqxanasında olan ailələr köçürülür. Təxminən bir aya köçürülmə işi yekunlaşacaq.

Gəncədə salınan şəhərcikdə 25 ədəd 5 mərtəbəli yaşayış binası, 1200 yerlik orta məktəb binası, 280 yerlik uşaq bağçası, inzibati bina, musiqi məktəbi, həkim məntəqəsi və yanğın deposu tikilib.

Gəncədə ümumi sayı 20 min nəfər olmaqla 5 min məcburi köçkün ailəsi var. Onların 70%-i şəhərdəki yataqxanalarda məskunlaşıb. Ailələrdən 1800-ü tələbə yataqxanalarında yaşayır. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 məcburi köçkün köçürüləcək.

Qeyd edək ki, son beş ildə Azərbaycanda bütün sosial-texniki infrastruktura malik 23 müasir qəsəbə salınıb, 16 min ailə və ya 76 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2001-2013-cü illər ərzində isə 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR