Azərbaycanın Braziliyadakı səfiri San Paolo şəhərinə işgüzar səfər edib - FOTO

Azərbaycanın Braziliyadakı səfiri San Paolo şəhərinə işgüzar səfər edib  - <span style="color: red;">FOTO
# 12 sentyabr 2013 07:11 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 4-6-da Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov San Paolo şəhərinə işgüzar səfər edərək bir sıra görüşlər keçirib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, San Paolo şəhərinin meri Fernado Haddad ilə keçirilmiş görüşdə müxtəlif sahələrdə əməkdaşlığın yaradılması ətrafında fikir mübadiləsi aparılıb. E. Sultanov F. Haddada Azərbaycan-Braziliya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycanın xarici və daxili siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verib.

San Paolo ştatı qubernatorunun beynəlxalq məsələlər üzrə müşaviri Rodriqo Tavares ilə keçirilmiş görüş zamanı San Paolo ştatı və Azərbaycan arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə təmasların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

San Paolo ştatının Sənaye Federasiyasının rəhbərliyi ilə keçirilmiş görüşdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin təşviq edilməsi, biznes imkanları barədə məlumat mübadiləsinin həyata keçirilməsi müzakirə edilib. Səfir E. Sultanov Azərbaycanın surətli iqtisadi inkişafı, ölkə iqtisadiyyatının uğurlu diversifikasiyası, xarici investorlar üçün yaradılmış cəlbedici biznes iqlim barədə ətraflı məlumat verib. Federasiya tərəfindən San Paolo ştatının iqtisadi inkişafına dair təqdimat həyata keçirilib.

Sentyabrın 4-dən San Paolo şəhərində başlamış Azərbaycan bədii filmlərinin nümayişi çərçivəsində E. Sultanov braziliyalı tamaşaçılarla keçirdiyi görüşdə Azərbaycanın qədim və zəngin mədəniyyəti, o cümlədən milli kinonun tarixi və müasir inkişafı barədə məlumat verib və tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Keçirilmiş bütün görüş və tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafına dair müxtəlif nəşr və materiallar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR