Fərhad Hacıyev: “Üçüncü qrant müsabiqəsində 182 nəfər gənc Gənclər Fondundan qrant alıb” - FOTO

Fərhad Hacıyev: “Üçüncü qrant müsabiqəsində 182 nəfər gənc Gənclər Fondundan qrant alıb”  - <span style="color: red;">FOTO
# 06 sentyabr 2013 09:12 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun keçirdiyi 3-cü qrant müsabiqəsində 182 nəfər gənc qrant alıb.

APA-nın xəbərinə görə, bu barədə fondun rəhbəri Fərhad Hacıyevin açıqlamasında bildirilib. Fondun mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib ki, bu müsabiqə keçmiş qrant müsabiqələrindən fərdi gənclərin xüsusi fəallığı ilə seçilib. Belə ki, müsabiqə zamanı cəmi 421 müraciət olub, onlardan 193-ü gənclər təşkilatlarından, 228-i isə fərdi gənclərdən gəlib. Fərdi gənclərdən gələn layihələr olduqca müxtəlif mövzuları əhatə edib. Vətənpərvərlik, ölkəmizin təbliği, sağlam həyat tərzi, xüsusi istedada malik olan yaradıcı gənclərin əl işləri, gənclərin ictimai aktivliyinin artırılması, könüllülük fəaliyyətinin yayılması və s. digər maraqlı mövzularda olan müraciətlər müsbət qiymətləndirilib, 228 fərdi müraciətdən 182-si qalib olub.

Yerli və beynəlxalq layihələr üzrə də maliyyələşdirilən layihələrin sayında əsaslı artım nəzərə çarpıb. Yerli layihələr üzrə 173 layihədən 139-u, beynəlxalq layihələr üzrə isə 20 layihədən 10-u qalib olub: “Yerli layihələr sırasında daha çox region gənclərinə xüsusi diqqət ayrılıb. Qalib layihələrin böyük əksəriyyəti yenə də regionları və region gənclərini əhatə edib. Beynəlxalq layihələr üzrə dəstək alan layihələr isə ölkəmizin beynəlxalq aləmdə tanınması, Qarabağ həqiqətlərinin xarici ölkə gənclərinə çatdırılması, gənclərimizin beynəlxalq təcrübədən yararlanmasına şərait yaradacaq. Nəzərinizə çatdıraq ki, üçüncü qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin sayı əvvəlki müsabiqə ilə müqayisədə təxminən iki dəfə artıb. Ümumilikdə, 421 layihədən 330-nun dəstəklənməsi bir daha dövlətimizin gənclərə olan etimadının, gənclərimiz üçün yaradılmış imkanların bariz nümunəsidir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər”.

F. Hacıyev Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görüldüyünü, fond tərəfindən keçirilən qrant müsabiqələri, gənclər təşkilatları ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq məhz fərdi gənclərə yaradılmış bu imkanların dövlətin gənclərə olan birbaşa diqqət və qayğısının göstəricisi olduğunu vurğulayıb.

Qeyd olunub ki, qrant müsabiqəsinin yekunları sentyabrın 7-də Gənclər Fondunun saytında yerləşdiriləcək.

Xatırladaq ki, müsabiqə iyunun 24-də elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR