Respublikanın baş travmatoloqu: “Cənub bölgəsində bud-çanaq oynağının patologiyasına daha çox rast gəlinir

Respublikanın baş travmatoloqu: “Cənub bölgəsində bud-çanaq oynağının patologiyasına daha çox rast gəlinir
# 17 may 2014 08:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda travmatoloji xəstəliklərə görə statistika digər ölkələrin statistikasından çox fərqlənmir.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu Vaqif Verdiyev jurnalistlərə açıqlamasında deyib ki, xəstəliklərin bəzi milli xüsusiyyətləri var.

Onun sözlərinə görə, cənub bölgəsində digər bölgələrlə müqayisədə bud-çanaq oynağının patologiyasına daha çox rast gəlinir: “Yodun suda tərkibi az olan rayonlarda dayaq-hərəkət sisteminin xəstəliklərinə daha çox təsadüf olunur. Amma ümumilikdə götürdükdə xəstəliklərin sayında ciddi fərq yoxdur”.


Əhali tərəfindən ən çox hansı xəstəliklərlə bağlı müraciətlərin daxil olmasına gəlincə, baş travmatoloq vurğulayıb ki, ölkədə son 10 ildə oynaqların endoprotezləşdirilməsi (yəni oynaqların süni oynaqlarla əvəz edilməsi) ilə bağlı müraciətlər daxil olur və əməliyyatlar aparılır: “Belə xəstələr tarixən keçmişdə əməliyyat olunmayıb. İndi isə bütün əhali müraciət edir və oynaqlarını süni oynaqla əvəz etmək istəyir. O da şübhəsiz, böyük yükdür və problemi birdən-birə həll etmək mümkün deyil. Ümumiyyətlə, bizə daha çox süni oynaqların əvəzlənməsi üçün gənclər müraciət edir. Əvvəllər gənc xəstələrə də süni oynaq qoyulması tövsiyə olunurdu. Amma son tədqiqatlar onu göstərir ki, insanın öz oynağını heç nə əvəz etmir. Xəstə əgər öz oynağı ilə yaşaya bilirsə, mümkün qədər əməliyyat məsələsi uzadılır. Çünki əməliyyat olunan xəstələrdə 10-15 ildən sonra həyat tərzi, protezlərin çoxillik keyfiyyətindən asılı olaraq yenidən oynağı dəyişmək əməliyyatı həyata keçirilir. II, III dəfə əməliyyat etdikcə onun mürəkkəbliyi daha da artır. Ona görə də çalışmaq lazımdır ki, mümkün qədər erkən dövrdə çanaq oynağında problemlər, çıxıqları olan xəstələr bizə müraciət etsinlər”.


V.Verdiyev qeyd edib ki, 1 yaşına kimi uşaqlar ultrasəs müayinəsindən keçirmək lazımdır. Onun sözlərinə görə, əgər onda hər hansı bir patologiya varsa, onu vaxtında aşkar edərək çox asan və yüngül yolla müalicə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR