İran XİN rəhbəri: “Rza Zərrabın İran rəsmilərindən heç kimlə əlaqəsi yoxdur”

İran XİN rəhbəri: “Rza Zərrabın İran rəsmilərindən heç kimlə əlaqəsi yoxdur”
# 17 mart 2014 08:56 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran xarici işlər naziri ötən il dekabrın 17-də Türkiyədə keçirilən “rüşvət əməliyyatı” çərçivəsində həbs edilərək sonradan azadlığa buraxılmış sənətçi Əbru Gündəşin həyat yoldaşı, məşhur iş adamı Rza Zərrabdan danışıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif Türkiyənin “CNNTürk” telekanalına müsahibəsində bildirib ki, R.Zərrabın İran rəsmilərindən heç biri ilə əlaqəsi yoxdur.

Onun sözlərinə görə, bu, Türkiyənin daxili məsələlərindən biridir: “Bu məsələnin bizimlə heç bir əlaqəsi yoxdur. Türkiyənin məhkəmə və hüquq-mühafizə orqanları bu məsələni ölkə daxilində araşdıra bilərlər. Bu məsələnin İrana heç bir aidiyyəti yoxdur”.

M.C.Zərif R.Zərrabın hazırda həbsdə olan tanınmış iranlı iş adamı Babək Zəncani ilə əlaqəsi olub-olmaması məsələsinə də aydınlıq gətirib: “İranda korrupsiya faktı ilə bağlı araşdırma aparılır. İndiyədək bu sahədə Türkiyə ilə bağlı heç bir əlaqə aşkarlanmayıb. Ola bilsin ki, bu məsələdə başqa ölkələrin adları çəkilə bilər. Ancaq Türkiyə ilə bağlı heç bir məlumat yoxdur. Hazırda biz bu işi araşdırırıq. Bu məsələ ilə bağlı məhkəmə və hüquq-mühafizə orqanları yekun qərarlarını verəcəklər. İran üçün mühüm məsələ bu şəxsin dövlət büdcəsinə öz borcunu ödəməməsidir”.

Nazir həmçinin deyib ki, İran və Türkiyə arasında ticarət əlaqələri tamamilə qanunidir: “İki ölkə arasında ticarət mübadilə beynəlxalq qayda-qanunlar çərçivəsində aparılır və İran da bu sahədəki mövcud beynəlxalq qanunlara sadiqdir. Biz İrana qarşı tətbiq olunmuş bütün sanksiyaları qeyri-qanuni hesab edirik. Amma ticarət əlaqələrimizdə hüquq qaydalarına riayət edirik. Türkiyənin də həmçinin beynəlxalq qanunlar qarşısında öz öhdəlikləri var və bu öhdəliklərinə əməl edib. Bu cür davranış da hər iki ölkənin xeyrinədir, həmçinin hər şey tamamilə şəffaf və qanunidir. Türkiyənin hüquq-mühafizə orqanları da bu sahədə lazımi araşdırmaları apara və hər şeyin qanuni olduğuna əmin ola bilərlər. Biz İran olaraq digər ölkələrin, xüsusilə qonşularımızın daxili məsələlərinə müdaxilə etməyə meylli deyilik. İki ölkə arasında əlaqələrin təkcə neft və qaz sahəsində deyil, bütün sahələrdə daha da yüksək səviyyəyə çatacağına ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR