“İlk briqadanın ibrətli döyüş dərsləri” kitabının təqdimatı olub

“İlk briqadanın ibrətli döyüş dərsləri” kitabının təqdimatı olub
# 30 aprel 2014 09:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Hərbi yazıçı, jurnalist, ehtiyatda olan polkovnik - leytenant İbrahim Məsimoğlunun 701-ci briqadanın döyüş yoluna həsr olunan “İlk briqadanın ibrətli döyüş dərsləri” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən briqadanın komandiri Əzizağa Qənizadə bildirib ki, kitab veteranların şəxsi hesabına ərsəyə gətirilib. Onun sözlərinə görə, hazırda respublikada 701-ci briqada haqqında silsilə tədbirlər keçirilir: “Bununla da Azərbaycan xalıq hərbi birləşmənin döyüş şücaəti ilə tanış olacaq. Eyni zamanda bu briqadaya həsr olunmuş rəsm əsəri ərsəyə gətirilib və bu iş davam etdiriləcək”.

Polkovnik-leytenant İntiqam Mirzəyev deyib ki, briqada yarananda onun şəxsi heyəti heç bir təmənna güdmədən döyüşə atılıb və böyük uğurlar əldə edib.

Hərbi hissənin zabiti, kitabın müəllifi İbrahim Məsimoğlu isə çıxışında 701 saylı hərbi hissənin bugünkü Azərbaycan Silahlı Qüvvələrinin təməli olduğunu vurğulayıb. O, kitabın hərbi tərbiyə istiqamətində böyük rol oynayacağını bildirib: “701 saylı hərbi hissənin qəhrəmanlıqlarını yaşadan ilk kitab nəşr olundu. Biz əminik ki, düşmənə ağır zərbə vuran briqadanın fəaliyyəti bu kitab sayəsində həmişə yaşayacaq. Kitabda briqadanın qəhrəmanlığı bədii-publisistik formada əksini tapıb, şəxsi heyətin Kəlbəcərin müdafiəsi zamanı göstərdiyi şücaət qələmə alınıb, hərbi ekspertlərin fikirləri öz əksini tapıb”.

Hərbi ekspert Üzeyir Cəfərov da nəşr olunan kitabı yüksək qiymətləndirərək, bu gün Azərbaycanda hərb tarixinin yetərincə təbliğ olunmadığını qeyd edib: “Təəssüflər olsun ki, bu gün orta məktəblərin hərbi dərslərində Azərbaycan torpaqlarının müdafiəsində iştirak etmiş insanların bilgisindən, təcrübəsindən istifadə olunmur. Müharibə şəraitində yaşadığımıza görə, biz yalnız bu qəhrəman insanların təcrübəsindən yararlanaraq, hərbi təbliğatı gücləndirərək, torpaqlarımızı azad edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR