Tiflisdə "Eyni səma altında-mədəni dialoq" adlı folklor festivalı keçirilib

Tiflisdə "Eyni səma altında-mədəni dialoq" adlı folklor festivalı keçirilib
# 11 noyabr 2014 07:04 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin təşkilatçılığı ilə "Tolerantlıq həftəsi" çərçivəsində ölkədə yaşayan etnik azlıq nümayəndələrinin folklor festivalı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Eyni səma altında-mədəni dialoq" adlı tədbir Tiflisdəki Nodar Dumbadze adına Gənclər Teatrında baş tutub. Festivalı layihənin rəhbəri, bəstəkar Manana Alpaidze açıb. Sonra Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin şöbə müdiri Tina Qoqeliani, BMT-nin Gürcüstan ofisinin təmsilçisi Maka Çiçua, Gürcüstan Mədəniyyət Nazirliyinin təhsil və mədəniyyət şöbəsinin müdir müavini İrina Saqenelidze çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, etnik azlıqların festivalı artıq yeddinci ildir ki, keçirilir.

Tiflis, Marneuli, Qardabani, Kaxeti, Samsxe Cavaxeti, Pankisi dərəsi və digər bölgələrdən gələn azərbaycanlı, kürd, kist, yunan, erməni, ukraynalı, osetin və digər millətlərin nümayəndələri olan şagirdlər festivalda çıxış ediblər. Festivalda azərbaycanlıları “Qran- pri” mükafatçısı, pianoçu Şaban Məmmədov, kiçik yaşlı aşıq Məsim Rəcəbov və Kaxetidəki Qaracalar kənd orta məktəbinin azərbaycanlı şagirdləri təmsil edib.

Tədbir BMT-nin Gürcüstan ofisinin maliyyə dəstəyi ilə baş tutub.

BMT-nin Baş Assambleyasının təşəbbüsü ilə elan olunan Beynəlxalq Tolerantlıq Gününə həsr edilən tədbirlər noyabrın 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR