Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin yedəyə alınması qaydalarına aydınlıq gətirib

Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin yedəyə alınması qaydalarına aydınlıq gətirib
# 06 mart 2013 13:55 (UTC +04:00)

İdarənin şöbə rəisi Kamran Əliyev APA-ya bildirib ki, avtomobillərin kəndir, zəncir və digər vasitələrlə yedəyə alınmasını qadağan edən hər hansı qanunvericilik tələbi yoxdur: “Əgər yol buzludursa, yedəyə alınan və öndə gedən avtomobillərin yaratdığı qatarın uzunluğu 24 metrdən çoxdursa, yol polisi yedəklə daşınmanı qadağan edə bilər. Yedəyə alma zamanı bəzi normalara əməl etmək vacibdir. Sərt yedəyə alma zamanı qoşqu vasitəsinin uzunluğu maksimum 4 metr ol bilər. Elastik yedəyə alma zamanı isə, vasitənin materialına görə onun uzunluğu 4-6 metr arası dəyişə bilər. Həm də elastik yedəyə alma zamanı hər bir metrdən bir uzaqdan görünən işarələr tələb olunur”.

K. Əliyev onu da bildirib ki, yedəyə alma zamanı arxadan gələn, yəni yedəyə alınan avtomobilin sürücüsünün mütləq sürücülük vəsiqəsi olmalıdır. Arxadan gələn avtomobil öndə gedən nəqliyyat vasitəsinin bütün siqnal və manevrlərini təkrarlamalıdır.

Qeyd edək ki, son vaxtlar Bakıda və ətraf ərazilərdə avtomobillərin yedəyə alınması zamanı yol polisləri ilə sürücülər arasında narazılıqlar yaranır. Sürücülər yol polislərinin bəzən nasaz, yolda qalmış avtomobillərin yedəyə alınmasına icazə verməməsindən narazılıq edirlər. Bəzi hallarda sürücülərdən yalnız evakuator vasitəsilə avtomobillərini daşımaları tələb olunur ki, bu xidmət də pulludur və narazılığa səbəb olur.

Onu da qeyd edək ki, yedəyə alma qaydalarının pozulmasına görə cərimə tətbiq olunur. Yol-hərəkət qaydalarının bu kimi pozulmasına görə bal yazılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR