AMEA Gəncə Elmi Bölməsinin yaradılması təklifi ilə prezidentə müraciət edilib

AMEA Gəncə Elmi Bölməsinin yaradılması təklifi ilə prezidentə müraciət edilib
# 13 dekabr 2012 15:09 (UTC +04:00)

Bunu APA-ya AMEA-nın prezidenti Mahmud Kərimov bildirib.

Onun sözlərinə görə, məktub bu gün ölkə prezidentinə göndərilib: “AMEA Gəncənin elmi potensialını, təbii resurslarını, elmi infrastrukturunu nəzərə alaraq Naxçıvan Elmi Bölməsi kimi, Gəncə Elmi Bölməsinin də yaradılmasını xahiş edib. İndiyədək Gəncə Elmi Regional Mərkəzi fəaliyyət göstərirdi. Lakin Gəncənin elmi-tədqiqat institutları, ali təhsil müəssisələri kifayət qədərdir. Bu zona üzrə xüsusi bölmənin yaradılması arxeologiya, etnoqrafiya, tarix, təbii ehtiyatlar, Nizamişünaslıq kimi sahələrin tədqiq olunmasında geniş imkanlar aça bilər. Bu baxımdan Gəncə Elmi Bölməsinin yaradılması çox məqsədəuyğundur”.

M.Kərimov qeyd edib ki, bölmə Gəncə Regional Elmi Mərkəzinin bazasında yaradılacaq: “Bölmənin tərkibində bir neçə institutun yaradılması planlaşdırılır. Əgər bu təklif qəbul olunsa, Gəncə Elmi Bölməsində ilk növbədə Diyarşünaslıq, Təbii Ehtiyatlar və Ekologiya institutları yaradılacaq. Bu zonanın özünəməxsus bitki örtüyü var. Ona görə bölmənin tərkibində Botanika Bağının yaradılması məqsədəuyğun olardı. Həmçinin Gəncədə bir neçə aqrar elmi-tədqiqat institutları var. Həmin institutların fəaliyyəti də bölmənin tərkibində əlaqələndirilə bilər”.

AMEA prezidenti deyib ki, Akademiyanın Şəki və Lənkəran Regional Elmi Mərkəzlərinin də Bölməyə çevrilməsi ilə əlaqədar təklifin qaldırılacağı gözlənilmir: “AMEA-nın Lənkəran Elmi Mərkəzi barədə qərarı qəbul edilsə də, bu haqda Azərbaycan Nazirlər Kabinetinin rəsmi qərarı yoxdur. Şəkidə isə bu Mərkəz artıq 40 ildir fəaliyyət göstərir. Amma Şəkidə bu məsələnin qaldırılması tezdir. Çünki Şəkidə elmi infrastruktur inkişaf etməyib, güclü elmi müəssisələr yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR