Qazaxıstanda azərbaycanlıların yaratdığı “Fatimə” şiə dini icması ləğv edilib

Qazaxıstanda azərbaycanlıların yaratdığı “Fatimə” şiə dini icması ləğv edilib
# 20 dekabr 2012 09:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Qazaxıstanın Almatı şəhərinin Jetisu rayonunda fəaliyyət göstərən azərbaycanlıların yaratdığı “Fatimə” şiə dini icması rəsmi şəkildə ləğv edilib. APA-nın yerli “Forum 18” saytına istinadən verdiyi məlumata görə, Almatı İxtisaslaşmış rayonlararası İqtisadi Məhkəməsinin qərarı ilə icmaya məxsus 600 kvadrat metr ərazidəki bir mərtəbəli məntəqə müsadirə edilib. Məhkəmənin qərarı Almatı şəhərinin ədliyyə departamentinin bu ilin noyabrında irəli sürdüyü iddia ilə verilib. İcma üzvlərinin sözlərinə görə, təkrar qeydiyyatdan keçə bilməməklərinə səbəb müsəlmanların sünni dini idarələrinə daxil olmaqdan imtina etmələri olub.

Almatının dini işlər üzrə idarəsindən isə bildirilib ki, icmanın təsis sənədləri qaydasında olmayıb. Onların sözlərinə görə, icma sənədlərini qanunauyğun şəkildə qaydasına saldıqdan sonra təkrar olaraq yeni bir icma kimi qeydiyyatdan keçə bilərlər.

Dini icmanın sədri Hacı Əzizağa Qəmbərov isə “Forum 18”ə açıqlamasında dini icmanın ləğv olunması barədə danışmaq istəmədiyini və hər şeyin müsbət şəkildə həll olunacağına ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR