Bakıda «Beynəlxalq ticarət sərgilərində iştirak» mövzusunda seminar keçirilib

Bakıda «Beynəlxalq ticarət sərgilərində iştirak» mövzusunda seminar keçirilib
# 06 dekabr 2012 14:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə «Beynəlxalq ticarət sərgilərində iştirak» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev Azərbaycanda uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin dünyada nüfuzunun daha da artdığını, regionun lider dövlətinə, iqtisadi və mədəni mərkəzinə çevrildiyini vurğulayıb və qeyd edib ki, iqtisadi siyasətin prioritetlərindən olan sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və s. kimi kompleks tədbirlər davam etdirilir. H.Paşayev ölkənin biznes və investisiya imkanlarının təşviqi, Azərbaycan məhsulları üçün yeni bazarların tapılmasının stimullaşdırılması, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilən sərgilər, biznes forumlar və işgüzar görüşlər barədə geniş məlumat verib, beynəlxalq ticarət sərgilərinin keçirilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin, Almaniya Ticarət Sərgiləri Sənayesi Assosiasiyası və GIZ ilə bu istiqamətdə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Öz növbəsində Almaniya Ticarət Sərgiləri Sənayesi Assosiasiyasının əməkdaşı, Almaniyanın «Fairconcept GbmH» şirkətinin icraçı direktoru xanım Anna Katarina Eş rəqabətqabiliyyətli məhsulların seçilməsi və onların ixracının genişləndirilməsi, yerli məhsulların beynəlxalq sərgilərdə uğurlu iştirakı üçün milli məhsulların cəlbediciliyinin artırılması istiqamətində Almaniya təcrübəsi barədə təqdimatla çıxış edib.

Seminarda beynəlxalq ticarət sərgiləri – strateji marketinq üsulu, ticarət sərgisinin seçilməsi – seçim üçün üsullar və rəqəmlər, ticarət sərgi layihəsinin idarə edilməsi, brendləşdirmədə marketinqin vacibliyi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR