“InvestAZ” və Bakı Fond Birjası əmtəələrin ticarətinin təşkilinə başlayır

“InvestAZ” və Bakı Fond Birjası əmtəələrin ticarətinin təşkilinə başlayır
# 05 avqust 2014 08:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Fond Birjası maliyyə alətləri ilə marjinal ticarət sahəsini genişləndirən neft, qızıl, gümüş və digər əmtəə əsaslı törəmə alətlərin ticarətinin təşkilinə başlayır. Bu maliyyə alətlərini öz müştərilərinə təklif etmək istəyən qurumlar, Bakı Fond Birjasının (BFB) likvidlik təminatçısı üzrə market meykeri olan “InvestAZ” şirkətinə müraciət edə bilərlər.

“InvestAZ” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, BFB yaxın gələcəkdə səhmlər əsasında törəmə maliyyə alətlərinin ticarətinin təşkilini də həyata keçirməyi planlaşdırır. Bütün bu addımlar FOREX bazarının imkanlarının ölkəmizdə daha da genişlənməsinə xidmət edir.

Məlumata görə, bu sahə üzrə görülən işlərdə əsas məqsəd tənzimlənən orqanlar vasitəsilə likvid, şəffaf və ədalətli qiymət prinsipinin uğurla həyata keçirilməsidir. Baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi “2011 - 2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar bazarının inkişafı” Dövlət Proqramındakı tədbirlər planı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, “InvestAZ” Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən lisenziyalaşdırılmış investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR